Dünya üzrə quş qripi ciddi təhlükə olaraq qalmaqda davam edərkən, ABŞ-da insanda daha əvvəl heç rast gəlinməmiş yeni bir quş qripi alt tipi – H5N5 – aşkar edilib.
Qaynarinfo xəbər verir ki, Vaşinqton ştatının Səhiyyə Departamenti 14 noyabrda Qrays Harbor bölgəsində yaşayan bir şəxsdə H5N5 virusunun müəyyən edildiyini təsdiqləyib. Əvvəldən bir sıra tibbi problemləri olan bu yaşlı pasiyent hazırda xəstəxanada müalicə alır.
Rəsmi məlumatlara görə, həmin şəxs evdə saxladığı ev quşlarının vəhşi quşlarla təmasda olması səbəbilə virusa məruz qalmış ola bilər. Araşdırmalar davam etsə də, səhiyyə qurumları infeksiyanın əsas mənbəyinin bu quşlar olduğuna inanır.
Xalq arasında quş qripi kimi tanınan bu xəstəlik, İnfluenza A virusunun törətdiyi viral infeksiyadır. Adından da bəlli olduğu kimi, ilk növbədə quşları yoluxdurur. Güclü və yoluxuculuq dərəcəsi yüksək olan bir ştamm ortaya çıxdıqda, quşların uzun miqrasiya marşrutları və iri təsərrüfatlar səbəbilə virus sürətlə yayıla bilir. 2020-də başlayıb 2024-də genişlənən quş qripi dalğasında olduğu kimi, bəzi hallarda virus insanlara və digər məməlilərə də keçə bilər.
17 noyabr 2025-ə olan məlumata görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ölkədə 71 quş qripi hadisəsini təsdiqləyib və bu yoluxmalardan biri ölümə səbəb olub. Halların əksəriyyəti süd və quşçuluq təsərrüfatlarında çalışanlarda müşahidə olunan yüngül xəstəlik formalarıdır.
H5N1 və H5N5 arasındakı fərq nədir?
Bu yoluxmalara adətən yüksək patogen İnfluenza A virusunun H5N1 alt tipi səbəb olur. Lakin Vaşinqton ştatında qeydə alınan son hal, daha əvvəl yalnız heyvanlarda aşkar edilmiş, müəyyən mənada fərqli olan H5N5 alt tipindən qaynaqlanır. Bu hadisə davam edən quş qripi epidemiyasında vacib məqam sayılsa da, CDC və Vaşinqton Səhiyyə Departamenti əhalinin ümumi riskinin aşağı olaraq qaldığını bildirir.
H5N1 və H5N5 arasındakı əsas fərq virusun səthindəki bir proteində müşahidə olunan dəyişikliklə bağlıdır. Bu dəyişikliyin virusun virulentliyinə və ya şiddətinə necə təsir edəcəyi hələlik məlum deyil. Buna baxmayaraq, H5N5-dən narahat olan təsərrüfat sahibləri üçün qeyd edilməlidir ki, virusun H5N1-ə oxşar davranacağı və həm heyvanlarda, həm də insanlarda bənzər simptomlara səbəb olacağı gözlənilir.
Memfisdəki St. Jude Uşaq Tədqiqat Xəstəxanasında aparıcı qrip mütəxəssisi Riçard Uebb "Associated Press”ə açıqlamasında belə deyir: "Bu viruslar oxşar davranır. Mənim ilkin qiymətləndirməm budur ki, insan sağlamlığı baxımından H5N1-lə eyni kateqoriyada dəyərləndirilməlidir”.
Uebb vəziyyəti sadələşdirərək əlavə edir: "Bunu müxtəlif avtomobil təkəri markaları kimi düşünün. Hər ikisi eyni işi görür, sadəcə hər biri hələ tam başa düşmədiyimiz müəyyən şəraitlərə daha yaxşı uyğunlaşıb”.
Aydın
Şərhlər