Ohayo ştatının Sprinqfild şəhərindən olan haitililər prezidentliyə namizəd Donald Tramp və vitse-prezidentliyə namizəd Ceyms Di Vensi haitili mühacirləri it və pişik yeməkdə ittiham etdikdən sonra məhkəməyə veriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News” sentyabrın 25-də məlumat
yayıb.
"Son iki həftə ərzində həm Tramp, həm də Vens Sprinqfilddəki Haiti icmasını ləkələmək və təhdid etmək üçün səylər göstərdilər. Birlikdə onlar Sprinqfilddəki haitili mühacirlərin pişik, it və vəhşi heyvanları yeməsi ilə bağlı artıq təkzib edilmiş iddianı yaydılar və gücləndirdilər”, - "Haitian Bridge Alliance”ın rəhbəri Qerlin Cozef bildirib.
"Haitian Bridge Alliance”ın vəkili Subodh Çandra prokurorun hərəkətsizliyinə diqqət çəkib və Tramp və Vensə qarşı dərhal ittiham irəli sürməyi tələb edib.
"Haitian Bridge Alliance” iddia ilə Klark dairə Məhkəməsinə müraciət edib. Haitililər respublikaçı namizədlərin həbsinə order verilməsini tələb edirlər.
"Onlar hər birimiz kimi qanun qarşısında cavab verməlidirlər", - Çandra yekunlaşdırıb.
Xatırladaq ki, sentyabrın 10-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə debat zamanı Tramp haitili mühacirləri amerikalıların ev heyvanlarını yeməkdə ittiham edib.
"Sprinqfilddə insanların itlərini yeyirlər, pişikləri yeyirlər. Orada yaşayan insanların ev heyvanlarını yeyirlər”, - deyə siyasətçi bildirib.
C.D.Vens daha sonra oxşar açıqlamalar verib.
Sprinqfild polisi Trampın şərhlərinə cavab olaraq bildirib ki, "mühacir cəmiyyətində ev heyvanlarına zərər vurulması, yaralanması və ya zorakılığa məruz qalması” barədə heç bir "mötəbər məlumat” yoxdur.
Nizami Bağırov
Şərhlər