Xəbər lenti

“Hakimiyyət elə şeylər bilir ki, biz bilmirik” (MÜSAHİBƏ)
Siyasət10:35 24.04.2013

“Hakimiyyət elə şeylər bilir ki, biz bilmirik” (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu, növbəti 5 il üçün kitabın bağlanması demək deyil”

Sabiq baş nazir, İctimai Palata Koordinasiya Şurasının (İPKŞ) üzvü Pənah Hüseynin Qaynar.info-ya müsahibəsi:

- Pənah bəy, artıq, prezidentliyə 10-dan artıq şəxs namizədliyini irəli sürüb. Siz bu vəziyyəti necə qiymətləndirirsiz?

- Partiya sədrlərinin namizədliklərini verməsi təbiidir. Çünki seçkilərə az qalıb. Qanunla da bu məsələlər qadağa edilməyib. 10 nəfərə qədər şəxsin namizədliyini irəli sürməsi ilə bağlı məndə məlumat yoxdur. Müsavat başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə namizədliyini irəli sürüb. Yəni bu partiyaların seçkidə iştirakla bağlı rəsmi qərarları var. Hər bir 35 yaşına çatmış Azərbaycan vətəndaşının seçkilərdə namizədliyini vermək hüququ var. Təbii ki, burada məhdudiyyətlər də nəzərə alınır. Əlbəttə ki, seçkilərdə iştirak edib-etməmək formal konstitusion hüquq deyil, bunun bir siyasi tərəfi də var. Bu, seçkilərdə də özünü göstərir. Demokratik düşərgənin əksər hissəsi hesab edir ki, indiki dövlət başçısı İlham Əliyevin 3-cü dəfə seçkilərdə iştirak etməsi doğru deyil. Bu, əvvəlcədən seçkilərin antidemokratik olacağından xəbər verir.

Mənə elə gəlir, o, qalib elan olunacağı halda seçkilərin legitimliyini şübhə altına alınmasına əsas verəcək. Bu, ümumdemokratik siyasi dəyərlərlə izah olunur. Bir qrup hesab edir ki, bu şəraitdə seçkilərə qatılmaq hakimiyyətin antidemokratik seçki oyununda rol almaq deməkdir. Və yaxud bunun konfliyaj olunan forması kimi hesab edirlər ki, demokratik seçki mühiti yaradılmayana qədər seçkilərdə iştirak etməyin əhəmiyyəti yoxdur. Başqa bir qrup qüvvələr də hesab edir ki, indiki şəraitdə keçirilən seçkilər demokratik sayıla bilməz. Amma digər tərəfdən düşünürlər ki, demokratik düşərgənin xalqla birliyinin təmin edilməsi, geniş kütlələrin prosesə cəlb edilməsinin forması kimi əlverişli bir vasitədir. Və xalqın belə demək mümkündürsə, seçkilərdən istifadə edərək indiki rejimə inqilabı təzyiqinin təşkil edilməsi üçün üsuldur. Buna görə də seçkilərdə iştirak etmək məqbul hesab edilir. Yəni bu məsələyə müxtəlif aspektdən yanaşmaq olar. Hər halda bir neçə ictimai-siyasi qurumun, avtoritetə malik olan siyasətçinin seçkilərdə iştirakla bağlı niyyətləri göstərir ki, seçkilərdə iştirak etmək məsələsi daha çox bu ideyanın tərəfdarlarına məxsusdur. Bu istiqamətdə seçki islahatı ilə bağlı momerandum qəbul edilib. Orada səhv etmirəmsə, 60-70 nəfər bu momeranduma imza atıblar. Buraya partiya sədrləri, vətəndaş cəmiyyətinin nümayəndələri, gənclik hərəkatı liderləri, hüquqşünaslar daxildir. Bu momerandumda seçki islahatı tələb olunur.

Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair təkliflər var. Seçki komissiyalarının tərkibi 1995-ci ildən bəri çox ciddi müzakirə olunur. Bu sahədə də işlərin davam etdirilməsindən asılı olaraq hansısa mövqelər dəyişə bilər. Son dövrlər hakimiyyət repressiya kursu götürüb. Qeydiyyatdan keçmiş partiyaların rayon təşkilatlarında tədbir keçirmələrinə imkan vermir. Bu, hətta Afrikada cəngəllik ölkərində də müşahidə edilmir. Hakimiyyət, ümumiyyətlə, demokratik imitasiya və maskirovkanı kənara atıb. Digər tərəfdən də aydın olur ki, hakimiyyət çox ciddi vahimə və qorxu içindədir. Yoxsa niyə hansısa siyasi partiya funksionerinin Şəkidə və ya digər rayonlarda görüşlər keçirilməsinə icazə vermir?! Və yaxud Eldəniz Quliyevi Lənkərana buraxılmır. Bu, yalnız qorxu və vahimə ilə izah oluna bilər. Ola bilər ki, hakimiyyət elə şeylər bilir ki, biz bilmirik.

İndi də ATƏT-in müşahidə missiyasının mandatının məhdudlaşdırılması və Milli Demokratiya İnsititunun fəaliyyətinin qadağan olunacağı barədə məlumatlar var. Əvvəllər MDB-dən müşahidəçilər gəlib 100% "ləbbeyk" deyib gedirdilər. Son dövrlərdə də Azərbaycan hakimiyyətinin Rusiya ilə əlaqələrinin ən azı müşahidə olunan pisləşməsi fonunda MDB məsələsi də şübhə altındadır. İndi ola bilsin, Özbəkistandan, Tacikistandan müşahidəçilər gəlsin. Bu sahədə iqtidarın informasiyası bizdən daha çoxdur. Ola bilər, cəmiyyətə məlum olmayan sualtı, yeraltı cərəyanlar var. Heç kəs sadəlövh deyil və heç kəs də inanmır ki, seçkidə qutudan iqtidarda olmayan bir adımın adı çıxacaq. Belə şey olmur, amma xalqın inqilabı təzyiqi olacaqsa, seçkilər əlverişli keçəcək.

- Dediklərinizdən belə görünür, müxalifət bu seçkidə də məğlubiyyətə uğraya bilər...

Biz seçkilərə qədər də, seçkilər vaxtı da, ondan sonra da mübarizə aparacağıq. Hazırda ölkədə sosial təbəqələri əhatə edən narazılıq, dünyada gedən proseslərdən Azərbaycanın kənarda qalmasının mümkün olmaması, məmur-oliqarx üsul-idarəsinin açıq aşkar iflas etməsi, yəni həm daxili, həm də xarici bir sıra şərtlərin ortada olduğu bir şəraitdir. Bu cür vəziyyətin uzun müddət davam etməyəcəyi qənaətindəyik. Əlbəttə, burada mühüm olan demokratik düşərgənin mübarizəsidir. Bu fəaliyyət qələbəyə hesablanmış fəaliyyətdir. Tutaq ki, seçkilərdə iqtidardan kimsə qalib elan edildi. Bu, növbəti 5 il üçün kitabın bağlanması demək deyil. Məsələn, 2008-ci ildə belə deyildi. Bu baxımdan məğlubiyyətdən söhbət gedə bilməz. Yəni ciddi mübarizə aparıldığı şəraitdə prezident seçkiləri həlledici anlardan biri ola bilər. Cəmiyyət dəyişikliyin olacağına inanır. Biz də buna inanırıq və ona görə də çalışırıq. Bu idealist missiyanı üzərinə götürən fəaliyyət deyil, ortalıqda real dəyişiklik gerçəkliyi var.

- Hesab edirsiz ki, seçkilərdən sonra ölkədə nələrsə baş verə bilər?

Ölkədə dəyişiklik 2013-cü ilin sonlarında da, 2014-cü ildə də baş verə bilər. Seçkilər, sadəcə, mərhələ nöqtələrindən biridir. Hələ bilinmir ki, seçkilərin saxtalaşdırılması hakimiyyətin qələbəsidir, yoxsa məğlubiyyəti. Mən hesab edirəm ki, hakimiyyət açıq-aşkar uçuruma doğru gedir.

- Necə düşünürsüz, YAP seçkilərdə yeni namizəd irəli sürə bilər?

- Yuxarıda İlham Əliyevin namizədlik məsələsinə toxundum. Ancaq ola bilər ki, başqa bir namizəd irəli sürülsün. Yeni Azərbaycan Partiyası (YAP) burada formal bir vasitədir. Gəlin, iqtidar sözü işlədək. Klassik mənada YAP siyasi partiya deyil. Seçki ilə bağlı məsələyə münasibət tez-tez dəyişir. Məsələn, bir ay əvvəl bəziləri “İlham Əliyev namizədliyini irəli sürəcək” deyirdilər. Xırda detallar da ictimai rəydə ən azı müəyyən dəyişikliklərə səbəb olur. Deyək ki, ABŞ-ın vəzifəli şəxsi müsahibə verdi, sonra onu təkzib elədi, fərqi yoxdur, qara-qırmızı xətlər kimi ifadələr işlətdi. Bundan sonra “İlham Əliyev namizədliyini irəli sürməyə bilər” deyənlərin sayı çoxaldı. Sonuncu günə qədər bu məsələlər müzakirə ediləcək. Ehtimallarla siyasət qurmağın tərəfdarı deyiləm, bu, politoloqların işidir. İndiki halda bu məsələ 50-nin 50-yədir.

- Müxalifət daxilində birlik istiqamətində aparılan işlər hansı səviyyədədir? Məsələn, bəzi partiya sədrləri namizədliyini irəli sürdüyü üçün İsa Qəmbəri qınayırlar...

- Mən İsa Qəmbərin namizədliyini müdafiə edirəm. Hesab edirəm, İsa bəy normal seçki şəraitində qələbə şansına malik siyasətçidir. Başqa cür düşünənlər də var, bu da təbiidir. İsa Qəmbər namizədliyini irəli sürərkən bəyan etmişdi ki, demokratik qüvvələrə qələbə şansı yaradacaq şəxsi müdafiə etməyə hazırdır. İsa Qəmbər bu barədə dəfələrlə bəyanatlar verib. Buna görə də bu iddialar lüzumsuzdur. ABŞ-da və başqa ölkələrdə seçkiyə 2-3 il qalmış namizədlər yarışı başlayır. Seçkiyə 7-8 ay qalmış namizədliyini irəli sürməkdən təbii bir şey ola bilməz. Xatırlayıram, Rəsul Quliyev də bu məsələdə fərqli mövqe nümayiş etdirirdi. 1 həftə əvvəl onların saytında oxudum ki, Rəsul Quliyev də Azərbaycana qayıtmaq və seçkilərdə iştirak etməyə çalışır. Bu, göstərir ki, İsa Qəmbər düzgün addım atıb. Fərqli düşüncələr, yanaşmalar var, bunlara da dözümlü yanaşmaq lazımdır. Amma bəzi qərəzli yanaşmalar var ki, onlara əhəmiyyət vermək lazım deyil. Məsələn, siz anonim “partiya sədrləri” ifadəsini işlədirsiz. Konkret olaraq, o partiya sədrlərinin adlarını çəksəniz, o zaman çox şey məlum olar.

- Konkret olaraq, Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) təmsil olunan partiyaların bəzilərini nəzərdə tuturam...

- Məşvərət Məclisinin üzvü olan partiyalardan biri KXCP-dir. Əgər Məşvərət Məclisində bu məsələyə qadağa qoyulsaydı, pis hal sayılsaydı, KXCP sədri namizədliyini irəli sürməzdi. Təxminən, belə fikirlər vardı ki, 10-15 partiya sədri yığılsın bir yerə vahid namizədi müəyyənləşdirsinlər. Mən xatırlayıram, hətta zər atmaq da təklif olunurdu. Bu, yarızarafat da olsa, belə idi və həmin partiya sədrləri öz aralarından müxalifətin vahid namizədini seçirlər. İsa Qəmbər isə bu məsələdə əsas namizəd konsepsiyası ilə çıxış edir. Bu, elə müəyyən mənada vahid namizəd anlamına gəlir. Məsələn, İcitmai Palatanın əsas namizədi olmaz ki. Vahid namizəd olmalıdır. Elə götürək, Milli Şuranı. Bu qurum yaranacaqsa, özünə vahid namizəd seçəcək. Bütün bunlar, ümumilikdə, demokratik düşərgənin əsas namizədi hesab edilirlər. Bu baxımdan İsa bəyin mövqeyini doğru hesab edirəm. Bilirsiniz, hər bir mövqeyə qarşı nəsə demək olar. Elə bir şey yoxdur ki, onun əleyhinə fikir söyləmək mümkün olmasın.

- Ölkədə bir qisim siyasətçi Milli Şura ideyasını xarici qüvvələrin siyasi oyunu hesab edir...

- Kim ittiham edir? Niyə siz jurnalistlər həmişə anonim danışmağa üstünlük verirsiniz. Çalışın, bir az konkret danışın, oxucu niyə çaşsın ki?!

- Hər halda bilməmiş deyilsiz, hakim partiyanın nümayəndələri, müstəqil siyasi şərhçilər Rüstəm İbrahimbəyovu dolayısı ilə xarici qüvvələrə işləməkdə ittiham edirlər...

- Azərbaycan müxalifətində elə bir siyasətçi varmı, hakim partiyanı ermənilərə işləməkdə ittiham etməsin?! Bu cür qeyri-ciddi məsələləri ortaya qoymaq olmaz. Əlbəttə, siyasi proseslərdə Rusiyanın, İranın, Qərbin, hətta uzaq Səudiyyə Ərəbistanının da izlərini tapmaq mümkündür. Bu qloballaşmış dünyada reallıqdır. Rusiya kimi böyük dövlətdə də müxalifəti hansısa ölkəyə işləməkdə ittiham edirlər. Azərbaycanda bizim mənsub olduğumuz demokratik düşərgə var. Bizim özümüzün prinsiplərimiz, qırmızı cizgilərimiz var. Bütün bunlar nəzərə alınır. Bilirsiz, antitəbliğat üsulları, bunun içində də qara piar mövcuddur. Rüstəm İbrahimbəyovun ideyasını ola bilsin, Rusiya, İran, Qərb istifadə etmək istəsin. Onlara qadağa qoymaq mümkün deyil. Əsas odur ki, bu ideyanın aparıcı subyektləri bu məsələdə hansı motivlə hərəkət edirlər. Əmin edirəm ki, Azərbaycanın demokratik düşərgəsi bu məsələləri özünün siyasi irədəsinə uyğun xətlə qurur. Yəni burada başqa məsələ ortada ola bilməz. Rüstəm İbrahimbəyova gəldikdə isə, o, dünyada iriçaplı tanınmış şəxsiyyətlərindən biridir. Rüstəm bəyin tanınmaqla ciddi əlaqələri var. Özünün dediyi kimi Rusiya və Amerikada tez-tez olur. Prinsip etibarı ilə onun bu ölkələrdəki siyasi dairələrlə də əlaqəsi ola bilər. Amma əsas onun Azərbaycan onun cəmiyyəti, dövləti üçün irəli sürdüyü ideyalar bu cəmiyyətin qəbul edib-etməməsindən asılı olacaq.

- Əli Kərimlinin seçkilərlə bağlı mövqe ortaya qoymaması İctimai Palatada vahid namizədin müəyyənləşməsinə əngəl olmur?


- Bir neçə gün öncə AXCP-nin toplantısı olub və Əli Kərimli orada seçkilərlə bağlı fikirlərini bildirib. İctimai Palatanın seçki ilə bağlı sənədi var. Burada hər şey əksini tapıb. Hesab edirəm ki, vəziyyət 5 ay əvvəlki deyil. Diqqət edirsinizsə, AXCP-nin də seçki ilə bağlı bəyanatlarında konkretləşmələr gedir. Ola bilər ki, may və iyun aylarında onların da namizədi müəyyən olunacaq. Namizədin irəli sürülməsi onların özlərindən asılıdır.

- Rəsul Quliyev bir müddət öncə açıqlamasında demişdi ki, Azərbaycana gəlib seçkilərdə iştirak etməsə, müxalifət növbəti dəfə məğlub olacaq...


- Onun dediyi çox ciddi təpkilərlə qarşılanıb. Rəsul Quliyevin əvəzinə şərh vermək istəmirəm. Hər halda Rəsul Quliyev deyir ki, Azərbaycana gələ bilmirsə, deməli, vəziyyət dəyişməyib. Vəziyyət dəyişməyibsə, bu seçkilərdə necə qalib gəlmək olar. O, situasiyanı belə qiymətləndirir. Onun başqa bir çaları var, yəni mən varamsa, vəziyyət yaxşı olacaq. Onun əleyhinə çıxanlar, yazanlar daha çox bu amili önə çıxarır. Mən daha çox yuxarıda ifadə etdiklərimi üstün tuturam.

- ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, departamentin hesabatlarında Azərbaycan nə vaxt tənqid olunmur ki? Azərbaycanda insan hüquqları ilə bağlı məsələnin, seçkilərlə bağlı vəziyyətin, hüquq mühafizə orqanlarının fəaliyyətində qanuna əməl edilib-edilməməsi, mülkiyyət hüququnun toxunulmazlığı, yəni fundamental insan hüquq və azadlıqları ilə bağlı məsələlər bizim hamımıza bəllidir. Düşünürəm ki, hesabatlarda ölkənin vəziyyətini daha az, tünd olmayan rənglərlə ifadə edirlər.

- ABŞ hesabatlarda ölkədəki qanunsuzluqları önə çəkirsə, bəs, onda niyə bu və ya digər mənada baş verənlərə reaksiya vermir?

- Bu özü də müdaxilənin bir formasıdır. Hesab etmirəm ki, hansısa dövlət bizim əvəzimizə burada seçki keçirməlidir. Azərbaycan xalqı, vətəndaşı bu məsələni diqtə etməlidir.

- Sərdar Cəlaloğlunun Səməd Vurğun haqqında dediklərinə münasibətiniz necədir?


- Sərdar Cəlaloğlunun söylədiyi məsələlər hamıya aydındır. Hətta bəziləri Səməd Vurğunun sağlığında özünə də aydın olub. Xatirələrdə özü deyib ki, “Vaqif” pyesini yenidən yazsaydım, başqa cür yazardım. Bu məsələyə yanaşmanın klassik nümunəsini Məmməd Əmin Rəsulzadə özü verib. Rəsulzadənin 30-40-ci illər ədəbiyyatı ilə bağlı maraqlı tədqiqat əsəri vardır. O, burada Səməd Vurğuna müsbət qiymət verib. Hətta nümunələrdən biri kimi onun poeziyasından istifadə edib. Bu da tarixdir. Cəmiyyət bu məsələlərdə seçim edərkən daha çox pozitiv nəticələrə diqqət yetirirlər. Fikrimcə, bu məsələyə Rəsulzadə özü düzgün yanaşıb.

İlkin PİRƏLİ
Qaynar.info