ABŞ prezidenti Donald Trampın avqustun 1-dən qüvvəyə minən 15 faizlik gömrük rüsumları Avropa şərab ixracatçılarını böyük risklə üz-üzə qoyub.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, bu vəziyyət həm Avropa, həm də ABŞ şərab istehsalçılarını və idxalçılarını çətin durumda saxlayır.
Amerika idxalçıları yeni tariflərdən əvvəl böyük miqdarda şərab ehtiyatı toplayıblar, lakin bunun nəticəsində yaxın aylar üçün maliyyə imkanları tükənib. Avropa istehsalçıları isə danışıqların nəticəsini gözlədikləri üçün qeyri-müəyyənlik yaşayırlar.
Avropa Şərab İxracatçıları Komitəsinin (CEEV) hesablamalarına görə, 2026-cı ildə şərabçılıq sektoru 800 milyon - 1 milyard avro arasında zərər görə bilər. İtaliyanın ən iri şərab istehsalçılarından biri olan Lamberto Freskobaldi bildirib ki, ABŞ-a göndərilən italyan şərablarının orta qiyməti son üç ayda 10% azalıb.
ABŞ Şərab Ticarətçiləri Assosiasiyasının prezidenti Ben Aneff isə əlavə edib: "Keçən ilin noyabrında restoranların aldığı şərab bu il 35% baha başa gələcək".
Onun sözlərinə görə, həm rüsumlar, həm də dolların zəifləməsi qiymətlərə ciddi təsir göstərir.
2024-cü ildə Avropa ölkələri ABŞ-a 4,88 milyard avro dəyərində şərab ixrac edib. Avropa sənayesinin hesablamasına görə, ixrac edilən hər bir dollar dəyərində şərab ABŞ-da distribusiya və qonaqpərvərlik sektorlarına əlavə olaraq 4,5 dollar qazandırır.
Ən güclü zərbəni hələlik amerikalı idxalçılar və distribyutorlar hiss edir. Bir çox şirkət işçi qəbulunu dayandırıb, bəziləri isə ixtisarlara başlayıb. ABŞ şərab istehsalçıları Trampa ünvanladıqları məktubda Avropa şərabına tətbiq edilən rüsumların yenidən nəzərdən keçirilməsini tələb ediblər. Onlar xəbərdarlıq edirlər ki, 15 faizlik tarif satışların azalmasına, 2 milyard dollarlıq itkiyə və 25 min iş yerinin risk altına düşməsinə səbəb ola bilər.
Avropa şərabçılığı yalnız ticarət məhdudiyyətləri ilə deyil, həm də iqlim dəyişikliyi ilə üzləşib. Fransada quraqlıq, istilik dalğaları və meşə yanğınları məşhur üzüm bağlarına ciddi ziyan vurub. 2025-ci ildə ölkədə şərab istehsalının son beş ilin orta göstəricisindən aşağı düşəcəyi gözlənilir. Bundan başqa, gənc nəsillərin şərabdan imtina etməsi və ya digər içkilərə üstünlük verməsi də bazarın əlavə çətinliklərindən biridir.
Aydın
Şərhlər