"Hava şəraitinin dəyişməsi ilə əlaqədar oynaq ağrıları barometrik və ya atmosfer təzyiqindəki dəyişikliklərlə əlaqələndirilə bilər".
Qaynarinfo xəbər verir ki, bunu gazeta.ru-ya rusiyalı revmatoloq Valeria Korol deyib.
"Hava şəraiti dəyişdikdə oynaq ağrılarının meydana gəlməsinin dəqiq mexanizmləri hələ də tam başa düşülməyib. Hesab olunur ki, havanın temperaturu, atmosfer təzyiqinin dəyişməsi və rütubət kimi amillər diskomfort yarada bilər".
Bununla belə, o, mütəxəssislərin havanın artrit simptomları ilə necə əlaqəli ola biləcəyini və ya bəzi xəstələrə digərlərindən daha çox təsir etdiyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğu ilə razılaşdığını bildirib.
Həkim bildirib ki, bəzi nəzəriyyələr artrit ağrısının artmasının barometrik təzyiqdəki dəyişikliklərlə əlaqədar olduğunu göstərir ki, bu da tendonların və əzələlərin genişlənməsinə və ya büzülməsinə və sinir uclarına təzyiqin artmasına səbəb ola bilər:
"Hava dəyişdikdə baş verən barometrik təzyiqdəki dəyişikliklər oynaq təzyiqində dəyişikliklərə səbəb ola bilər ki, bu da sinir uclarını daha həssas edə və ağrıları artıra bilər".
Onun sözlərinə görə, bir nəzəriyyə də var ki, aşağı temperatur sinovial mayenin özlülüyünün artmasına səbəb ola bilər, buna görə soyuq havada xəstələr daha çox oynaq sərtliyi və ağrı hiss edə bilərlər:
"Hərəkət edərkən sinovial mayenin miqdarı artır və oynaqlara qan axını yaxşılaşır. Soyuq və ya yağışlı havalarda xəstələr daha az aktiv olurlar. Oynaqlarda hərəkətlərin məhdudlaşdırılması yenidən sinovial mayenin miqdarının azalmasına səbəb ola bilər ki, bu da ağrıları artıra və sərtlik hissi yaradar".
"Ağrı depressiya ilə əlaqəli ola bilərmi" sualına cavab verən həkim deyib:
"Günəş işığının az olduğu soyuq, buludlu günlər əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər ki, bu da ağrının qəbuluna təsir edər. Depressiya və ya depressiv simptomları olan insanlar depressiyadan əziyyət çəkməyənlərə nisbətən ağrıları daha tez-tez və şiddətli hiss edirlər".
Aydın