
“Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Şahin Novruzlu Bakı İstintaq Təcridxanasından dostlara salam göndərib.
İyunun 11-də atası, anası və bibisi onu ziyarət ediblər. Fəalın atası İbrahim Novruzlu “Media forum” saytına deyib ki, oğlunun səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur: “Bütün dostlara salam göndərdi, hər şeyin yaxşı olacağına inandığını dedi”.
Şahin Novruzlu 1995-ci ildə Bakıda doğulub. 2012-ci ildən həbs edildiyi 2013-cü ilədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alıb.
Fəal ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qaynar.info