"Ukraynadakı helikopter qəzasında "rus izi”nin olması realdır. Vertolyot qəzası peykdən edilən müdaxilənin və yaxud hərbi təxribatın nəticəsi ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ukraynada rəsmi şəxslər də daxil olmaqla çoxsaylı insanın ölümü ilə nəticələnən vertolyot qəzasında "rus izi”nin olub-olmadığı barədə suala cavabında deyib. Ekspert bildirib ki, qəzaya uğrayan helikopter Rusiya istehsalıdır:
"Bir sıra helikopterlər isə Rusiya-Ukrayna birgə istehsalının məhsuludur. Bu mənada, Rusiyanın peyklər vasitəsilə həmin texnologiyaya müdaxiləsi mümkündür. Görünən odur ki, helikopterin uşaq bağçasının üzərinə düşməsi təcrübəsizlikdən qaynaqlanır. Helikopterin nədən qəzaya uğraması barədə hələlik heç bir məlumat verilmir. Verilmirsə, deməli, açılması lazım olmayan məqamlar mövcuddur. Helikopter qəzası peykdən edilən müdaxilənin və yaxud hərbi təxribatın nəticəsi ola bilər. Bu variantların heç biri istisna olunmur”.
Qeyd edək ki, dünən Kiyev vilayətinin Brovarı şəhərində baş verən qəza nəticəsində helikopterdə olan Ukraynanın DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin, habelə DİN-in dövlət katibi Yuri Lubkoviç olmaqla 14 nəfər həlak olub.
Rüfət Sultan