Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib ki, təşkilat məhbus mübadiləsi məsələsində İsrail hakimiyyəti ilə "tam kompromis"ə hazırdır. O, həmçinin bəyan edib ki, HƏMAS mülki girovların əsirlikdən azad edilməsi ilə bağlı danışıqlara da razıdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə ABŞ-ın "NBC News" telekanalına
müsahibəsində bildirib.
Qazi Həmədin sözlərinə görə, HƏMAS hərbi əsirləri İsrail həbsxanalarındakı hərəkat nümayəndələri ilə dəyişməyə hazırdır, digər variantlar nəzərdən keçirilmir.
"Biz bu insanların evlərinə qayıtmasını istəyirik. Üstəlik, məhbuslarımızın helə indi evlərinə gəlmələrini istəyirik. Ona görə də hesab edirəm ki, indi biz tam kompromisə hazırıq, bütün girovların - həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsinə və bütün məhbusların İsraildəki təcridxanalardan azad edilməsinə dair sazişin bağlanmasına hazırıq”, deyə Qazi Həməd müsahibəsində bildirib.
HƏMAS nümayəndəsi mülki girovların azad edilməsi üçün şərt kimi İsrailin Qəzza zolağında quru hərbi əməliyyatlarının dayandırılmasını qeyd edib.
Telekanalın İsrail hökumətindəki mənbələri qeyd edir ki, Təl-Əvivin hazırkı vəziyyətdə HƏMAS-ın şərtləri ilə razılaşması çətin görünür.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Qəzza zolağında HƏMAS girovlarının təsdiqlənmiş sayı 242-dir. Oktyabrın 31-də HƏMAS yaxın günlərdə bir neçə girovu azad etmək planlarından danışıb, lakin bu, hələ baş tutmayıb. Girov götürülən İsrail hərbçiləri ilə bağlı dəqiq məlumat yoxdur, lakin İsrail ordusu onlarla əsgərin əsir düşə biləcəyini qeyd edib.
Nizami Bağırov