"HƏMAS-ın İsrailin növbəti atəşkəs təklifini rədd etməsinin bir neçə əsas səbəbi var. Birincisi, qruplaşma liderləri qorxurlar ki, girovların azad edilməsilə HƏMAS-a qarşı addımlar daha da sərtləşəcək. İkincisi, girovların azad edilməməsi hazırda İsrailin əleyhinə işləyir. Digər bir tərəfdən, HƏMAS sifariş yerinə yetirir, o başqa cür hərəkət edə bilməz".
Bunu Qaynarinfo-ya "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu HƏMAS-ın Təl-Əvivin növbəti atəşkəs təklifini rədd etməsini şərh edərkən deyib.
Ərəstun Oruclu vurğulayıb ki, İsrail ordusu Qəzza bölgəsindədirsə, ordan çıxmır və əməliyyatları da davam etdirirsə, HƏMAS bununla razılaşmayacaq:
"Onlara bəllidir ki, əsirlər azad edildikdən sonra Təl-Əvivin addımları daha da sərtləşəcək. Hələlik İsrail HƏMAS-ın mövqelərini zəiflətməklə məşğuldur. Bütün ərazini nəzarətə götürmək, qruplaşmanın hərbi resursları və canlı qüvvəsini sıradan çıxarmağı davam etdirirsə, HƏMAS da anlayır ki, girovların azad edilməsindən sonra bu proses daha kəskin xarakter alacaq. Bu, taktiki səbəbdir”.
Ekspert qeyd edib ki, HƏMAS-ın atəşkəsdən imtinasında strateji səbəbi də var:
"Oktyabrın 7-də HƏMAS İsrailə hücumu konkret geosiyasi prosesin tərkib hissəsi olub. Yəni, o hücumun hansı şəkildə və necə həyata keçirilməsi, İsrail kəşfiyyat orqanlarının bu barədə məlumat almasının qarşısının alınması, HƏMAS-ın əməliyyatı detallı şəkildə həyata keçirməsi göstərir ki, prosesin arxasında güclü dövlər və güclü ordu dayanıb. Yəni Fələstin qruplaşmasının keçirdiyi əməliyyat elə-belə əməliyyat deyildi. Ona görə də həmin əməliyyatı sifariş edənlər HƏMAS-a geri çəkilməyə, mübadiləyə getməyə imkan verməyəcək”.
Həmsöhbətimizin fikrincə, qruplaşma girovları əlində saxlamaqla ondan "kozır” kimi istifadə edir:
"HƏMAS İsrail ordusunun "ağ bayraq” qaldıran 3 nəfəri səhvən güllələməsini özünün uğuru hesab edir. Belə vəziyyətdə HƏMAS düşünür ki, İsrail ağır şərtlərlə gedə, ya da onu rədd edib, danışıqları uzada bilər. Başlıca səbəb sifarişçinin müharibənin davam etməsində maraqlı olmasıdır. HƏMAS isə bu işdə alətdir. Əslində, İsrail də alətdir. Yaxın Şərq uğrunda gedən mübarizə böyük güclərin mübarizəsidir”.
Qeyd edək ki, "The Wall Street Journal”ının HƏMAS-ın siyasi qanadının liderlərinin sözlərinə istinadən yaydığı məlumatda HƏMAS hərəkatının girovların azad edilməsi müqabilində İsrailin növbəti müvəqqəti atəşkəs təklifini rədd etdiyini deyib. HƏMAS liderləri Misir vasitəçilərinə bildiriblər ki, İsrail istənilən potensial razılaşmanı müzakirə etməzdən əvvəl Qəzza zolağına hücumunu dayandırmalıdır. İsrail isə hərbi kampaniyanı dayandırmayacağını və bu şərtin danışıqlara başlamaq üçün əsas ola bilməyəcəyini bildirib.
Xatırladaq ki, dekabrın 20-də İsrail HƏMAS-a 40-a yaxın girovu azad etmək müqabilində Qəzzada hərbi əməliyyatları ən azı bir həftə dayandırmağı təklif edib. Əvəzində İsrail də yeni razılaşma çərçivəsində bəzi fələstinli məhbusların azad edilməsinin mümkünlüyünü bildirib.
Rüfət Sultan