Xəbər lenti

HƏMAS rəsmisinin Rusiya səfəri zamanı hansı məsələlər müzakirə olunacaq? (ŞƏRH)
Dünya09:53 27.10.2023

HƏMAS rəsmisinin Rusiya səfəri zamanı hansı məsələlər müzakirə olunacaq? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"HƏMAS-ın Siyasi Bürosunun üzvü Əbu Mərzukun Rusiyaya səfəri zamanı müzakirə ediləcək məsələlərdən daha çox, görüşün özü, kiminlə  və harada baş verməsi daha maraqlı faktordur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turab Rzayev HƏMAS-ın Siyasi Bürosunun üzvü Əbu Mərzukun Rusiyaya səfərini şərh edərkən deyib. 
Politoloq bildirib ki, dünyada qütbləşmə baş verir. Qərb cəhbəsində ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, İsrail təmsil olunur. Şərq cəbhəsi isə Rusiya, Çin və İrandan ibarətdir:
"Münaqişə geniş anlamda İsrail-İran münaqişəsidir. Bu mənada prosesin qlobal müharibəyə çevrilməsi ehtimalı yüksəkdir. Çünki Yaxın Şərqdə münaqişə aparan tərəflərin hər hansı birinin uduzması elə onlara dəstək olan qüvvələrin uduzması demək olacaq. Qərbin burada əsas məqsədi Qəzza məsələsindən istifadə edərək, Tehranın dəstəklədiyi qüvvələri, "Hizbullah", HƏMAS, Susiya və İraqdakı İran varlığını zəiflətməkdir. Aydındır ki, İran da buna dözməyəcək. ABŞ İranı qorxutmağa çalışır ki, prosesə müdaxilə etməsin. Yaranmış vəziyyətdə İrana qarşı müdaxilə olarsa, məcbur olaraq Rusiya ilə Çin də Tehranı müdafiə edəcək".
Belə bir konyukturada HƏMAS nümayəndəsinin Rusiyaya səfəri ekspertə görə, Moskvanın açıq şəkildə həmin qruplaşmaya dəstək verəcəyinin göstəricisidir:
"Putin, Lavrov və digər Rusiya rəsmiləri vəziyyətin bu həddə çatmasında İsraili və ABŞ-ı günahkar sayıblar. Bu görüşü təşkil etməkdə də Rusiyanın mesajı HƏMAS və İrana lazımi formada dəstək vermək mesajıdır. Putin hətta bildirib ki, ABŞ münaqişənin Suriya və İrana yayılmasında maraqlıdır”. 
Həmsöhbətimiz düşünür ki, Yaxın Şərq böhranının böyüməsi Uzaq Şərqdə Çinin də əl-qolunun açılmasına rəvac verə bilər:
"Böyük ehtimalla, yaranmış vəziyyətdən Çin istifadə edərək, Tayvan məsələsini həll etməyə çalışacaq. Çinin həmçinin, Aralıq dənizinə hərbi gəmi göndərməsi onun Rusiya və İranın yanında yer aldığını göstərir. Bu kontekstdən baxdıqda HƏMAS nümayəndəsinin Moskva səfəri çərçivəsində danışılan məsələlərdən daha çox, məhz səfərin özü və onun bu şəkildə qəbul edilməsi indiki halda daha çox əhəmiyyət kəsb edir”. 
Qeyd edək ki, HƏMAS-ın Siyasi Bürosunun üzvü Əbu Mərzukun başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gəlib. Onunla paralel olaraq İran xarici işlər nazirinin müavini Əli Baqeri də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşmək üçün Moskvada səfərdədir. Bildirilir ki, Moskvada HƏMAS-la danışıqlar zamanı Qəzzada əcnəbi girovların dərhal azad edilməsi müzakirə olunub. Bundan başqa, o da bildirilir ki, Fələstin prezidenti Mahmud Abbas yaxın vaxtlarda Vladimir Putinlə danışıqlar üçün Moskvaya səfər edəcək. 
Rüfət Sultan