ABŞ-ın keçmiş prezidenti Donald Trampın əsas komanda üzvlərindən olan müdafiə naziri Pit Heqset və milli təhlükəsizlik üzrə müşavir Mayk Uotz bazar günü televiziya müsahibəsində Rusiyanı aqressor adlandırmaqdan imtina ediblər.
Qaynarinfo bu barədə "Bloomberg" agentliyinə
istinadən xəbər verir.
Heqset və Uotz bu sualdan yayınıb və bunun Trampın diplomatik strategiyasından diqqəti yayındırdığını bildiriblər.
Heqset deyib: "Mənim sualım budur: günahkar axtarışları və bu məsələ ilə maraqlanırmış kimi davranmaq dünyanı daha təhlükəsiz edirmi?" – o, "Fox News Sunday"in efirində bildirib.
Ondan soruşulanda ki, Rusiyanın 2022-ci ildə Ukraynaya təxribat olmadan hücum etdiyini söyləmək doğrudurmu, Heqset belə cavab verib: "Bu, çox mürəkkəb vəziyyətdir". Aparıcının təzyiqi altında o, "Ukraynaya müdaxilə baş verib" ifadəsini işlədib, lakin Rusiyanın adını çəkməyib.
Mayk Uotz isə Rusiyanı aqressor adlandırmaqdan çəkinərək, əvəzinə Tramp və Baydenin siyasətlərini müqayisə edib:
"Tramp əsas razılaşmalar əldə edən liderdir. O, ali baş komandanımızdır. Yalnız onun gücü sayəsində biz bu mövqedə dayanmışıq".
Bəzi məlumatlara görə, Donald Trampın administrasiyası Kiyevdən BMT Baş Assambleyasının Rusiyanın genişmiqyaslı aqressiyasını pisləyən və Moskvanı Ukrayna ərazisindən qoşunlarını çıxarmağa çağıran qətnamə layihəsini geri çəkməsini istəyib.
Bundan əlavə, ABŞ Rusiyanı aqressor kimi tanımayan daha yumşaq məzmunlu öz qətnamə layihəsini təqdim edib.
Bəzi media məlumatlarına əsasən, Vaşinqton ilk dəfə olaraq G7-nin Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin üçüncü ildönümünə həsr olunmuş birgə bəyanatında Rusiyanı aqressor adlandırmağa qarşı çıxıb.
Alpər
Şərhlər