"2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin hər 100 manatında 54 manat 20 qəpiyi neft sektorunun, 45 manat 80 qəpiyi qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin hər 100 manatından 88 manat 60 qəpiyini Dövlət Neft Fondundan transfert, 11 manat 40 qəpiyini vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu gələn ilin baş maliyyə planını şərh edərkən deyib. Onun sözlərinə görə, 2021-ci il dövlət büdcəsinin xərclərinin hər 100 manatından yalnız 60 qəpiyi elmə ayrılacaq:
"Qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 48 manat 70 qəpiyini vergi, 33 manat 50 qəpiyini gömrük orqanlarının xətti ilə daxilolmalar təşkil edəcək. Büdcə xərclərinin hər 100 manatından 23 manat 40 qəpiyi müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri, 17 manat 64 qəpiyi tikinti və şəhərssalma xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası, 14 manat 57 qəpiyi ümumi dövlət xidməti xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi dövlət borcu, 12 manat 90 qəpiyi sosial müdafiə və sosial təminat, 11 manat 50 qəpiyi təhsil, 4 manat 90 qəpiyi səhiyyə, 3 manat 30 qəpiyi kənd təsərrüfatı, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət, 96 qəpiyi ətraf mühitin mühafizəsi, 60 qəpiyi elm xərcləri üçün nəzərdə tutulub”.
Orxan Əhmədli