Xəbər lenti

Hər il 2 milyona yaxın insan bu səbəbdən ölür - Risk faktorları və əlamətləri...
Sağlamlıq 16:06 05.02.2026

Hər il 2 milyona yaxın insan bu səbəbdən ölür - Risk faktorları və əlamətləri...

Dünya üzrə hər il təxminən 19 milyon insana xərçəng diaqnozu qoyulur, 10 milyon insan isə xərçəng səbəbindən həyatını itirir. Uzun illərdir ən çox rast gəlinən və ən çox ölümə səbəb olan xərçəng növü ağciyər xərçəngidir.

Qaynarinfo xəvər verir ki, türk professor Nurdan Köktürkün sözlərinə görə, dünya üzrə hər il təxminən 2,5 milyon yeni ağciyər xərçəngi diaqnozu qoyulur və təqribən 1,8 milyon ölüm qeydə alınır.

Ağciyər xərçəngi kişilər arasında xərçəngə bağlı ölümlərin birinci səbəbidir, qadınlarda isə doqquzuncu yerdə qərarlaşıb. Kişilərdə ən çox rast gəlinən, qadınlarda isə dördüncü sırada olan bu xəstəlikdə xəstələrin 50 faizindən çoxu hələ də irəliləmiş mərhələdə diaqnoz alır.

Ağciyər xərçəngində erkən diaqnoz müalicə şansını artırır və ömür müddətini uzadır. Erkən mərhələlərdə 5 illik sağqalma göstəricisi 60 faizdən yuxarı olduğu halda, irəliləmiş mərhələlərdə bu göstərici təəssüf ki, 10 faizdən aşağı düşür.



Ağciyər xərçənginin risk faktorları

Ağciyər xərçəngində ən mühüm risk faktorunun tütün və tütün məhsullarından istifadə olduğunu vurğulayan doktor Fəridə Marım qeyd edib ki, artan hava çirklənməsi, ətraf mühit və peşə ilə bağlı məruz qalınan risklər də xəstəliyin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, ölkəmizdə ağciyər xərçəngi üçün müəyyən edilmiş milli skrininq proqramı mövcud deyil.

Uzun müddət siqaret çəkənlər, passiv siqaret çəkənlər, peşə və ətraf mühit risklərinə məruz qalan yüksək risk qrupuna aid şəxslər üçün aşağı dozalı kompüter tomoqrafiyası ilə illik müayinələrin aparılması erkən diaqnoz baxımından ən təsirli yanaşmalardan biri hesab olunur.

Risk qrupunda olan şəxslərin ən yaxın döş xəstəlikləri həkiminə müraciət etməsi və müvafiq müayinələrdən keçməsi erkən diaqnoz üçün mühüm əhəmiyyət daşıyır.

Ağciyər xərçəngindən qorunmaq məqsədilə tütünə nəzarət siyasətləri gücləndirilməli, siqareti tərgitmə dəstək proqramları daha geniş yayılmalıdır. Eyni zamanda artan ekoloji risk faktorlarının və hava çirkliliyinin azaldılmasına yönəlmiş ictimai siyasətlərə və tənzimləmələrə üstünlük verilməlidir.

Yüksək riskli fərdlər üçün ağciyər xərçəngi skrininq proqramlarının yaradılması istiqamətində işlər artırılmalı, əhali xəstəliyin əlamətləri barədə maarifləndirilməlidir. Erkən diaqnoz, müalicə və nəzarət proseslərində döş xəstəlikləri üzrə mütəxəssislər başda olmaqla multidissiplinar komandaların aktiv iştirakı təmin edilməlidir. Milli xərçəng qeydiyyat sistemləri və epidemioloji məlumatlar yenilənərək erkən diaqnoz strategiyalarına istiqamət verilməlidir.



Keçməyən öskürək və qanlı bəlğəm varsa...

Fəridə Marım erkən diaqnoz və qorunma üçün aşağıdakı tövsiyələri verib:

* tütün və tütün məhsullarından uzaq durun
* hava çirkliliyi və ətraf mühit risklərindən qorunun
* sağlam və aktiv həyat tərzi sürün
* balanslı qidalanın

Risk qrupunda yer alan şəxslər keçməyən öskürək, qanlı bəlğəm, nəfəs darlığı, sinə ağrısı və səs tutulması kimi əlamətlər müşahidə etdikdə mütləq döş xəstəlikləri həkiminə müraciət etməlidir.

Fəridə Marım bildirib ki, ağciyər xərçənginin diaqnostika və müalicəsində döş xəstəlikləri üzrə həkimlər prosesə rəhbərlik edir. Onun sözlərinə görə, ağciyər xərçəngindən qorunmaq və erkən diaqnoz göstəricilərini artırmaq ən vacib ictimai mübarizə sahələrindən biridir.

Aydın
--> -->