Rusiyanın Ukraynaya qarşı müharibəsi onun komponentlər və ehtiyat hissələri tədarük etmək qabiliyyətini sarsıtdıqdan sonra Hindistan ən böyük silah tədarükçüsü kimi Rusiyadan uzaqlaşmağa çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat
yayıb.
Dünyanın ən böyük silah idxalçısı olan Hindistan ABŞ-ın Hind-Sakit Okean regionunda əlaqələri gücləndirməyə çalışması ilə diqqətini tədricən Qərbə yönəldir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya son iyirmi il ərzində Hindistanın 60 milyard dollardan çox dəyərində silah alışının 65%-ni təmin edib, lakin Ukraynadakı müharibə Hindistanın silah bazasını şaxələndirmək cəhdlərini sürətləndirib.
"Rusiya ilə hər hansı böyük hərbi müqavilə imzalamaq ehtimalı azdır. Bu, Vaşinqton üçün qırmızı xətt olardı", - Yeni Dehlidəki Observer Research Foundation analitik mərkəzinin Rusiya üzrə eksperti Nandan Unnikrişnan deyib.
Ekspertlər və rəsmilər bildiriblər ki, Rusiya açıq şəkildə Hindistanı müdafiə əlaqələrini gücləndirməyə çağırıb, lakin baş nazir Narendra Modi diqqəti Qərb texnologiyasından istifadə edərək yerli istehsala yönəldib.
Bu cür səylər yerli istehsalı təşviq etmək üçün Modinin Make in India proqramına daha uyğun gəlir. Hindistanın müdafiə nazirinin sözlərinə görə, ölkə növbəti on il ərzində müdafiə sifarişlərinə təxminən 100 milyard dollar xərcləməyi planlaşdırır.
Hindistan və ABŞ müdafiə sənayesində texnoloji əməkdaşlığı və birgə istehsalı "sürətləndirməyi" planlaşdırır. 2023-cü ildə ölkələr "General Electric”in Hindistanda döyüş təyyarələri üçün mühərriklər istehsal edəcəyi ilə bağlı müqavilə bağlayıb. Bu, ABŞ-ın müttəfiq olmayan ölkələrə ilk belə güzəşti olub.
Həmçinin, Reuters mənbələrinə görə, Hindistan özünün ən yeni təyyarə gəmisi üçün Fransız döyüş təyyarələri almağı düşünür, həmçinin fransız, alman və ya ispan texnologiyasından istifadə edərək sualtı qayıqlar və Amerika və fransız mühərrikli döyüş təyyarələri istehsal etmək istəyir.
Alpər