"Hindistanın Ermənistana silah verməsi Moskva ilə Dehli arasındakı fikir ayrılığını dərinləşdirib”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Hindistanın baş naziri Narendra Modinin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdən imtina etməsinə münasibət bildirərkən deyib:
"Hindistanla Rusiya arasında müxtəlif sahələr üzrə dərin əməkdaşlıq mövcud olub. Rusiyanın Ukraynada başladığı aqressiv müharibə fonunda dünya dövlətləri Moskva ilə münasibətləri yenidən nəzərdən keçirir. Hindistan da bu müstəvidə artıq Rusiya ilə əvvəlki münasibətlərindən uzaqlaşmaq yolunu tutur. Hindistan alternativ çıxış yolları əldə etmək istəyir. Rusiya isə əvvəllər hakim olduğu bölgələrə Dehlinin nüfuz etmək cəhdini həzm edə bilmir. Bu yaxınlarda Hindistanın Ermənistana silah verməsi məsələsi Moskva ilə Dehli arasında olan fikir ayrılıqlarını daha da dərinləşdirib. Rusiya Ermənistanın silahlandırılmasında Hindistanın əsas rol oynamağa başlamasını həzm edə bilmir. Beləliklə, həm Ermənsitana görə Rusiya-Hindistan münasibətlərinin gərginləşməsi, həm də Ukrayna müharibəsi Moskva və Dehli münasibətlərini gərginləşdirib. Düşünürəm ki, münasibətlərdəki bu soyuqluq daha da dərinləşəcək. Ukrayna müharibəsində məğlub olduğu gün Rusiyanın tək Hindistanla münasibətləri gərginləşməyəcək, həmçinin Moskvanın digər ənənəvi müttəfiqləri də ondan üz döndərməyə başlayacaq. Rusiyanın beynəlxalq imkanlarının daralması ona gətirib çıxaracaq ki, indi onunla müttəfiq olan çoxsaylı dövlətlər Moskvadan məsafə saxlamaq istəyəcəklər".
Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdən imtina edib. Bu barədə "Bloomberg" Hindistan rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb. Hindistanın yüksək rütbəli rəsmisi bildirib ki, ənənəvi olaraq dekabr ayında keçirilən tədbir Putinin Ukraynada nüvə silahından istifadə etməklə hədələdiyi üçün ləğv olunub.
Rüfət Sultan