Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair" keçirilən birgə tədbirdə nəqliyyat dəhlizinin inkişafına dair Azərbaycan, İran və Rusiya arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Sənədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi imza atıb.
Bəyannaməyə əsasən, tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər. Qərara alınıb ki, 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 mln. ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəfləri reallaşdırılsın. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının, prosedurların asanlaşdırılması məsələlərini də müzakirə ediblər. Bu məsələ ilə bağlı İşçi Qrupunun yaradılması da planlaşdırılıb.
Azərbaycan və İran bir ay ərzində "Rəşt-Astara" Dəmir Yolu Layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını da bildiriblər.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov qeyd edib ki, nəqliyyat sektoru əsas iqtisadi inkişaf sahəsindən biridir:
"Üç ölkə "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində iş aparır. Amma təbii ki, bu istiqamətdə də yeni çağırışlar və konfiqurasiyalar, siyasi bloklar formalaşıb. Dünyada bu istiqamətdə müəyyən qruplaşmalar gedir. Bu dəhlizin əsas təşəbbüskarı olan Rusiya və İran təxminən bir cəbhədə qruplaşıb. Onlar cəbhələşmənin siyasi tərəflərini də gücləndirməyə çalışırlar. Bu fonda Hindistandan Avropaya qədər uzanan dəhlizin əsas nəqliyyat halqalarından biri də "Şimal-Cənub" Nəqliyyat Dəhlizidir.
Azərbaycanla Ermənistan da bu dəhlizdə uyğun yer alır. Bakı ilə İrəvan arasında olan yeni siyasi və iqtisadi dialoq mərhələsi gələcəkdə nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi yolunda potensial formalaşdırır. Həmin istiqamətdə müəyyən addımların atılması və səylərin konsentrasiya olunduğunu müşahidə edirik.
Sözügedən dəhliz Azərbaycan üçün də əlverişlidir. Ora xərclənən vəsaitlər qısa müddətdə əlavə dəyərə çevrilməlidir. Ümid edirəm ki, Azərbaycan dəhlizin verdiyi imkanlardan mümkün qədər yararlanmağa çalışacaq”.
Rüfət Sultan