Avropa rəsmilərinin Hindistana səfərinin ardınca ölkənin baş naziri Narendra Modi Avropaya gəlib.
Qaynarinfo bu barədə "Euractiv” saytına istinadən xəbər
verir.
Hindistan uzun müddət Qərblə Rusiya arasında balans gözləyib. Əsas müdafiə silahlarını və yanacağını Rusiyadan alan Hindistan müharibə başlayandan mövqeyini açıqlamayıb. Amma Avropa Hindistanın Rusiyadan asılılığını azaltmağa və onu öz tərəfinə çəkməyə çalışır.
"Səfərim regionun bir çox çağırışlar və seçimlərlə üz-üzə qaldığı bir vaxta təsadüf edir”, deyə Almaniya, Danimarka və Fransaya səfər öncəsi açıqlamasında Modi deyib.
O, Hindistanın sülh və firavanlığa çatmaq səylərində vacib tərəfdaş olan avropalı tərəfdaşlarla əməkdaşlıq ruhunu gücləndirmək niyyətində olduğunu bildirib.
Modi əvvəlcə Almaniya kasleri Olaf Şoltsla görüşəcək. Daha sonra isə Kopenhagenə gedəcək və Danimarka, İsveç, Finlandiya, İslandiya və Norveç baş nazirləri ilə birgə Hindistan-Şimal ölkələri sammitinə qatılacaq.
Ardınca isə Fransaya gələcək və prezident Emmanuel Makronla görüşəcək.
Almaniya kansleri Modi ilə görüşdə Rusiyanın Ukraynaya hücumu məsələsinin gündəlikdə olacağını bildirib. Kanslerin həmçinin Hindistanı xüsusi qonaq kimi G-7 sammitinə çağırmağı planladığı bildirilir.
Hindistan xarici işlər naziri Vinay Kvatra bildirib ki, səfərin əsas hədəfi ticarət, enerji və dayanıqlı inkişaf sahələrində qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.
Nurlan Hüseynov