
Qafqaz ÖMƏROV
"Ari irqin" axtarışı...
Açılan arxiv materiallarının gün üzünə çıxardığı faktlar illərdir öyrəndiyimiz və hadisələri səhifələrində yazılan kimi qəbul etdiyimiz tariximizin necə böyük ziddiyyətlərlə dolu olduğunu sübut etməkdədir. Bir əsrə yaxın Sovet tarixinin bizə aşıladığının əslində saxta ideologiya formalaşdırmaq cəhdləri olduğu isə üzə çıxan gizli Sovet-Almaniya münasibətlərini özündə əks etdirən arxiv materiallarından da aydın görünür.
Bir əsrə yaxın müddətdə yetişən nəsillərin Sovet ideologiyası tərəfindən aldadıldığını sübut edən bir material cəlb etdi diqqətimi. Təsadüfən rast gəldiyim bir materialda faşist Almaniyasının məşhur "Tibet ekspedisiyası"ndan bəhs edilirdi. İllərdir bu ekspedisiyanın Hitler tərəfindən nə məqsədlə təşkil edildiyi haqda onlarla versiya irəli sürüldüyündən, bu ekspedisiyanın ciddi xarakter daşıdığına inananlar həmişə az olub.
Hitlerin "Tibet ekspedisiyası"nın həmişə mifik-mistik tərəfləri haqqında düşünülüb və faşistlərin bu ekspedisiya ilə yer üzündə "ari irqin" hansı millət olduğunu müəyyənləşdirmək istədiklərinə inanılıb. Sən demə bu heç də belə deyilmiş. Materialdan məlum olur ki, 1939-40-cı illərdə SSRİ və Almaniyanın Xarici İşlər nazirlikləri Tibet, Hindistan və Əfqanıstanda ingilis müstəmləkəçilərinə qarşı üsyanlar təşkil etmək məsələsini çox qızğın müzakirə ediblər və bu sahədə ortaq əməliyyat keçirmək məsələsində razılığa gəliblər. Materialda qeyd olunan məlumata görə, İngiltərənin görəcəyi əks-tədbirlərdən ehtiyatlanan sovetlər və faşist Almaniyası bu planın həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıblar.
Gəlin məsələni kökündən öyrənmək üçün sovet-alman münasibətlərinin tarixinə, həm də indiyədək oxumadığımız gizli tarixinə nəzər salaq. Almaniya və SSRİ-nin yaxınlaşmasının əsas ideoloqu SS-in rəhbərlərindən və gizli alman ordeni "Anenerbe"nin aktiv üzvlərindən biri olan Ernest Şefer olub. 1936-cı ildə faşistlərin "Tibet ekspedisiyası"nın planını da məhz Ernest Şefer hazırlayıb. Ekspedisiya 1938-39-cu illərdə həyata keçirilib və yuxarıda qeyd etdiyimiz kimi rəsmi olaraq "Ari irqin vətəninin axatrışı" kimi aparılıb. Qeyri-rəsmi olaraq isə ekspedisiyaya qatılan "SS" zabitləri gələcəkdə müharibə aparmaq üçün döyüş bölgəsinin landşaftını və coğrafi mövqeyini öyrəniblər.
1939-cu ilin sentyabrında formal olaraq SS-in Praqadakı təlim düşərgəsi olan "Leybştandart"da qeydli olan Şefer, faşist Almaniyasının xarici işlər naziri Ribbentropun otağındakı gizli iclasda iştirak edir. Açılan arxiv materiallarında bu iclasda Əfqanıstan və Tibetdə hərbi əməliyyatlara başlanması məsələsinin müzakirə olunduğu yazılır. İclasda nazir Ribbentrop, alman XİN-in şərq sektorunun rəhbəti Friç Qrobba, Vernet Otto fon Qentinq və Ernest Şefer iştirak ediblər. Əfqan variantının müzakirəsi zamanı bu ölkədə ingilislərə qarşı üsyanlara başlanması və bunun üçün Moskva ilə sövdələşmənin vacibliyi vurğulanıb.
Faşistlər əvvəllər "Tibet variantı" ətrafında SSRİ ilə heç bir danışıq aparmamışdılar, amma əfqan hərbi kampaniyasının Tibet məsələsi ilə bağlılığı Molotovla Ribbentropun danışıqlarında birləşdirilərək ümumi mövzu kimi olub.
Noyabrın 3-də Şefer hazırlanmış planı Henrix Qimmler ilə müzakirə edir. Müzakirələr zamanı Asiyaya qoşun göndərmək üçün 1940-cı ilin yayı seçilir. 1939-cu ilin noyabr-dekabr aylarında SSRİ-nin faşist Almaniyasının Asiya hərbi kampaniyasının həyata keçməsinə bütün köməklikləri göstərdiyi məlum olur. Arxiv materiallarından bu haqda anlaşmanın kommunistlərlə faşistlər arasında ən yüksək səviyyədə əldə olunduğu görünür. İlkin razılıq Amaniyanın Moskvadakı səfiri Şulenburqla Vyaçeslav Molotov arasında əldə olunur. Sovetlər Asiya məsələsindəki loyallığın qarşılığında Almaniyadan hərbi-texniki sahədə dəstək istəyirlər və Berlin buna razı olur.
Almaniyanın Asiya hərbi kampaniyası planının həyata keçməsinə yaranan gözlənilməz maneə isə odövrkü reyxin rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub. Belə ki, bu planın həyata keçməsinə nasiszmin ideoloqu Alfred Rozenberq qarşı çıxmışdı. Rozenberqin ingilislərə rəğbət bəslədiyi, ruslara isə nifrət etdiyi o zamanlar heç kim üçün sir deyildi.
Bunun əksinə Ribbentrop rusları sevir amma ingilislərə yəhudilər qədər nifrət edirdi. Ribbentropun ingilislərə nifrətinin İngiltərədə səfir işlədiyi vaxtlarda yarandığı bildirilir. Rozenberqin bu plana qarşı çıxması isə faşist rəhbərliyi daxilində ciddi ideoloji fikir ayrılığının olduğunu ortaya çıxaran bir faktdır. Buna baxmayaraq Ribbentrop bu istiqaməti özünün şəxsi katibi Teodor Xabixtuya tapşırır.
1939-cu ilin dekabrında rus-alman birliyinin ideya müəllifi Peter Klyayst Moskva ilə danışıqların başlanmasına nail olur. Bu danışıqlarda Almaniyanı Klyayst, Qenteq və Xabixt təmsil etməli idilər. Görüşlərdə Ernest Şeferin və Əfqanıstanın odövrkü xarici işlər naziri Qulam Siddiq Xanın iştirakı da nəzərdə tutulmuşdu. Danışıqların başlaması yenə də Rozenberq və digər nasist ideoloq Fridrix Qrobbun əngəlinə rast gəldi.
Rozenberq Əfqanıstandakı mövcud hökumətin devrilməsini, yerinə Almaniyaya loyal yeni hökumətin gətirilməsini təklif edirdi. Onun fikrincə mövcud əfqan hökuməti həddindən artıq ruspərəst idi. Rozenberq qorxurdu ki, Ribbentropun planından SSRİ maksimum dərəcədə yararlanacaq və planın nəticəsindən məhz Moskva uduşlu çıxacaq.
Nasist partiyası ilə reyxin XİN idarəsi arasındakı bu siyasi qarşıdurma davam edərkən Klyayst Moskvada Molotovla danışıqlarını davam etdirirdi. 29 noyabr 1939-cu il tarixdə Xabixt yeni memorandum hazirladı. Memoranduma görə SSRİ Almaniyaya öz ərazisindən hərbi qüvvələrin və silah-sursatın keçirilməsinə icazə verməli idi.
Dekabrın 18-də Klyayst və Molotovun danışıqları haqda Berlinə xəbər göndərən səfir Şulenburq teleqramında belə yazırdı: "Tərəfimdən Molotovun diqqətinə çatdırılan məsələlər ətraflı müzakirə edildi. Molotov bu planı bir şərtlə dəstəkləyəcəyini bildirdi. Onun sözlərinə görə, Moskvaya planın detalları və onun həyata keçirilməsi prinsipləri lazımdır. Təklif edirəm ki, Berlinə qayıdıb bu məsələ üzərində işləyək və SSRİ rəhbərliyinə lazım olan sənədləri hazırlayaq".
Əfqan və Tibet planlarının mahiyyəti İngiltərənin müstəmləkəçilik gücünü zəiflətmək və Asiyadakı nüfuzunun üstündən xətt çəkmək idi. Amma Rozenberq əsas təhlükənin "yəhudi bolşevizmi" olduğunu və İngiltərənin Almaniyanı təhdid altında qoymadığını düşünürdü. 20 dekabr 1939-cu ildə Hitlerlə görüşən Rozenberq ona öz fikirlərini çatdırır və Asiya planının Almaniya üçün zərərli olduğunu bildirir.
Ribbetrop və SS rəhbərliyi isə "Tibet planı" üzərində işləməyə davam edirlər. Plana görə Tibetin yerli hakimiyyəti çinliləri və nepallıları ingilislərin üzərinə qaldırmalı, onların diqqətini yayındırmalı və bu zaman alman birlikləri Pekin və Lançjou əyalətlərindən Çinə soxularaq yaponların da köməyi ilə bütünlüklə Asiyaya sahib olmalı idilər.
940-cı ilin fevral-mart aylarında Klayayst yenidən Molotovla bir araya gəlir və Sovet rəhbərliyi Şefer başda olmaqla Almaniyanın "Tibet ekspedisiyasını" dəstəklədiyini bildirir. Sovet rəhbərliyi bu planı dəstəklədiyinə rəsmi zəmanət belə verir. Arxiv sənədlərinə görə Almaniya hökuməti bu ekspedisiyaya 2-3 milyon alman markası xərcləyəcəkdi. Ekspedisiya üçün Alma-Ata yolu və ehtiyat variant kimi Çinin Uyğur bölgəsindəki Kaşqar yolu nəzərdə tutulmuşdu. Plana əsasən Tibet müstəqil dövlət olmalı idi.
1940-cı ildə Hitler və ətrafı bu məsələni müzakirə edərkən Rozenberqin məsləhətlərini daha faydalı hesab edərək Asiya hərbi kampaniyası planının üstündən birdəfəlik xətt çəkdilər və bir il sonra heç kimə məlum olmayan səbəbdən ən əsas müttəfiqlərindən biri olan SSRİ-yə hücum etdilər...
Qaynar.info