Cümə axşamı, avqustun 25-də "Human Rights Watch" təşkilatı hesabatında bəyan edib ki, Rusiya hərbi qüvvələrinin kaset bombalarından dəfələrlə istifadə etməsi Ukraynada yüzlərlə dinc sakinin həlak olması və ağır yaralanmasına səbəb olub.
Qaynarinfo bu barədə Azadlıq Radiosuna istinadən xəbər
verir.
100 səhifəlik hesabatda ilkin araşdırmalara əsasən 2022-ci ilin fevral-iyul ayları arasında Ukraynada kaset bombası hücumları nəticəsində ən azı 689 mülki şəxsin həlak olduğu bildirilir.
Human Rights Watch-ın elan etdiyi kimi, hazırda Ukrayna dünyada kaset bombalarından istifadə edilən yeganə ölkədir və Rusiya qüvvələri Ukraynanın 24 bölgəsindən və ya vilayətindən ən azı 10-da kaset sursatları ilə yüzlərlə hücum həyata keçirib.
Human Rights Watch-ın Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda apardığı araşdırma göstərir ki, Rusiya qüvvələri may və iyun aylarında şəhərə kaset raketləri atıb, sursatlar evlərə, küçələrə, parklara, həmçinin klinika, doğum evi və xəstəxanaya düşüb.
Kaset sursatları yerdən artilleriya, raket və minaatanlardan atıla bilər və ya təyyarə ilə atılır. Bu tip sursatlar adətən havaya buraxılır və bir neçə bomba və ya sursatı geniş əraziyə səpələyir.
Bir çox sursat ilkin zərbə zamanı partlamır, illərlə mina kimi fəaliyyət göstərə bilən, insanları şikəst və ya öldürən təhlükəli hissəciklər buraxır.
Qeyd edilir ki, 2008-ci ildə İrlandiyada qəbul edilən və 2010-cu ildə məcburi beynəlxalq hüquqa çevrilən Kaset bombaları haqqında Konvensiyanın qətnaməsinə əsasən, bu bombaların müharibədə istifadəsi qadağandır. Bu konvensiyanı 30 ölkə imzalayıb, lakin Rusiya və Ukrayna onların arasında deyil.
Xatırladaq ki, 44 günlük müharibə zamanı Ermənitan ordusu bu bombalardan geniş istifadə edib və bu hərəkəti beynəlxalq aləm tərəfindən pislənilməyib.
M.Arif