Yəmən husiləri ABŞ-ın ticarəti qorumaq üçün beynəlxalq hərbi-dəniz əməliyyat qrupu yaratmaq qərarına baxmayaraq, Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəklərini vəd ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat
yayıb.
Husilər həmçinin Vaşinqtona xəbərdarlıq ediblər ki, ABŞ onların hərbi bazalarına hücum etmək qərarına gələrsə, onlar cavab tədbirləri görməyə hazırdırlar.
"Biz istənilən maneələri dəf etmək və məqsədlərimizə çatmaq üçün hərbi imkanlarımızı inkişaf etdirməyə sadiqik. Əgər ABŞ Yəmənə hücum edərsə, biz ABŞ-ın döyüş gəmilərinə və digər gəmilərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirəcəyik”, - hüsilərin lideri Əbdülməlik əl-Husi bildirib.
Birləşmiş Ştatlar qlobal ticarətin təxminən 12%-ni təşkil edən Qırmızı dənizdə üzən gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qərb və Ərəb müttəfiqləri ilə işlədiyini bildirib.
İsveçrənin Kuehne+Nagel International AG logistika şirkətinin məlumatına görə, husilərin hücumlarından yayınmaq üçün hazırda 100-dən çox konteyner gəmisi Afrika ətrafında uzun marşruta yönəldilir ki, bu da əlavə xərclər və gecikmələr yaradır.
Bundan əvvəl bildirilib ki, ABŞ və müttəfiqləri Yəməndə Qırmızı dənizdə gəmilərə sistemli şəkildə hücum edən husi üsyançılarına qarşı hərbi zərbələr endirmək imkanını nəzərdən keçirir.
Nizami Bağırov