Xəbər lenti

İctimai rəyi nəzərə alaq, ya almayaq?
Hüseynbala Səlimov
Ölkə06:44 30.09.2019

İctimai rəyi nəzərə alaq, ya almayaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Xoşbəxt o xalqdır ki, onun ağıllı oğulları var və onlar hər bir məsələyə konseptual baxış formalaşdırmağı bacarırlar.
Bəzən deyirlər ki, Azərbaycan təxminən otuz ilə yaxındır ki, müstəqildir və otuz il nə müddətdir ki?..
Amma əslində belə deyil, otuz il kifayət qədər böyük bir müddətdir və bu illər ərzində biz bir çox məsələləri öz relsinə qoya bilərdik. 
Məsələn, sosisologiya və yaxud politologiya kimi elmlərlə hansısa təsadüfi adamlar yox, müstəqillik illərində nüfuzlu xarici universitetlərdə oxutdurduğumuz gənclərimiz məşğul ola bilərdilər.
Bilirəm, dərhal soruşacaqsınız ki, niyə məhz sosioloqlar və ya politoloqlar, həkimlər və ya hüquqşünaslar lazım deyilmi? Əlbəttə ki, lazımdır, mən o səbəbdən sosioloqların və politoloqların adını çəkdim ki, həm bir az əvvəl dediyim kimi, onların funksiyasını tamam təsadüfi adamlar həyata keçirir, həm də bu yaxınlarda televizya kanallarının birində seyr etdiyim bir müsahibə məni dərindən ah çəkməyə vadar etdi. 
Söhbət nədən gedir? Birincisi, güman edirik ki, sosial tədqiqatlar mərkəzi yaradarkən hökumətimizin məqsədi heç də təriflə məşğul olan isanların və institutların sayını bir az da artırmaq deyildi, belələri onsuz da çoxdur və tamam opponentsiz mühitdə hər gün bül - bül kimi ötsələr də, heç kim onların "sözünə - söhbətinə”, "rəy”inə məhəl qoymur. 
Belə fərz edirik ki, xüsusi bir tədqiqat mərkəzi təsis etməklə hakimiyyət həqiqətən də cəmiyyətdə baş verən prosesləri, insanların ovqatını bilmək istəyirdi.
İkincisi, həmin o müsahibədə belə bir fikir də səsləndi ki, guya ki, dünyanın heç bir yerində dövləti ictimai rəyin əsasında idarə etmirlər və hətta bunu "əsaslandıran” misallar da çəkildi. Olsun. Amma kiçik bir qeydlə. Başqa ölkələri bilmirəm, demokratik ölkələrdə ictimai rəy ciddi bir sosial və siyasi institutdur, onun konkret sanksiyası var və bu sanksiyalar özünü ilk növbədə seçkilər, referendumlar və ya plebesitlər zamanı göstərir. 
Buna görə də müsahibədə qeyd olunan bir məsələ, Fransada "sarı jiletlilər”in davamlı etirazlarına baxmayaraq prezident E.Makronun öz işilə məşğul olması məsələsinə gəldikdə isə, demək olar ki, darıxmayın, cənablar, əgər "sarı jiletli”lər həqiqətən güclü sosial–siyasi hərəkatdırsa, bu, özünü yüzə - yüzə növbəti seçkilərdə göstərəcək...
Ümumilikdə isə, əlbəttə, ictimai rəylə müəyyən qədər manipulyasiya etmək, hətta cəmiyyəti aldatmağa çalışmaq da olar. Dünya siyasətimdə bu elə də nadir bir hadisə deyil, siyasətçilər həmişə aldatmağa çalışırlar, amma faciə onda başlayır ki, hakimiyyətlər özünü aldatmağa başlayır və cəmiyyətdə hökm sürən ovqatdan xəbərsiz olur. 
Ona görə də bir azacıq əvvəldə qeyd etdiyim mərkəzlərin işini heç olmasa, belə qurmaq olardı: təbliğat naminə cəmiyyətin müzakirəsinə başqa ədədlər verilir, amma hakimiyyətin özünə doğru-dürüst mənzərə təqdim olunur ki, o, reallıqdan hali olsun – necə ki, müəssislərdə bəzən iki mühasibat dəftəri olur. Bunlardan biri "qara müsahibat” dəftəri adlanır, digəri isə müvafiq orqanlara təqdim etmək üçün tərtib olunur, amma müəssisənin əsl durunu məhz o "qara dəftər”də öz əksini tapır...
Üstəlik, bir məsələni də qeyd edək ki, ictimai sorğular heç də ciddi sosioloji araşdırma hesab olunmur və onunla daha çox ictimai təşkilatlar məşğul olur. 
Bu məsələnin daha bir tərəfidir. Digər bir tərəfdən, bir neçə aylıq işdən sonra yeni yaradılmış mərkəz öz tədqiqatlarını təqdim etdi. Amma bu bizim bilgilərimizə nə əlavə etdi: bəli, bir daha əmin olduq ki, ölkədə hər şey əladır və gözəldir! Ola bilsin, buna qədərki təbliğat çarxlarında rəqəmlər və ədədlər çatışmırdı, indi onlar da var, amma bir daha deyirik ki, bu ədədlər bizi, azacıq da olsa, düşünməyə vadar etdimi?.. 
Biz düşünmürük ki, bunun hətta daxili auditoriyaya hansısa bir təsiri oldu. Xarici auditoriyaya gəldikdə isə, onlar siyasi strukturlara, hakimiyyətə və digər siyasi partiyalara bağlı olan sorğu mərkəzlərinin keçirdiyi sorğulara, ümumiyyətlə, inanmırlar və yalnız müstəqil sorğu mərkəzlərini apardığı sorğuları qəbul edirlər. Məhz buna görə də, yeni tədqiqat mərkəzi hakimiyyətə və cəmiyyətə nə vercəkdir - Vallah, biz bununla bağlı bir yəqinlik əldə edə bilmirik... 
Bir daha deyirik ki, əvvəl güman etdik ki, hakimiyyət cəmiyyətdəki ovqatı həqiqətən də bilmək və insanların hakimiyyət haqqında nə düşündüyünü öyrənmək istəyir, di gəl, elə birinci sorğudan bəlli oldu ki, məsələ yenə də təbliğat məsələsidir, odur ki, bir vətəndaş olaraq tamam marağımız öldü bu məsələyə, çünki bizim təbliğat sarıdan elə bir kasadlığımız yox idi, əksinə təbliğat, özü də ki, bayağı təbliğat o qədər boldur ki, insanlar əvvəlcə qəzetlərdən, daha sonra isə televiziyalardan imtina etdilər. İndi bir internet qalıbdır, amma qoruxuruq ki, "söyüşcül müxalifət”in sayəsində bir gün onu da bağlasınlar...