Xəbər lenti

İctimai və dövlət maraqları: Suallar, fikirlər... - Hüquq müdafiəçisi şərh edir
Siyasət09:27 12.08.2023

İctimai və dövlət maraqları: Suallar, fikirlər... - Hüquq müdafiəçisi şərh edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanıb)
Dövlətin vəzifəsi onun vətəndaşı olan şəxslərin həm fərd, həm cəmiyyət olaraq maraqlarını müdafiə etmək, ictimai maraqların təmin edilməsinə şərait yaratmaqdır. 
Bu gün vətəndaş cəmiyyətləri də ictimai və dövlət maraqlarının müdafiəsində yaxından iştirak edir. Bu özünü müxtəlif formalarda yaranan təşkilatların - QHT-lərin, ictimai birliklərin simasında göstərir. 
Qarşılıqlı münasibətlər necə tənzimlənir, insanlar maraqların müdafiəsində necə iştirak edir və s. mövzuda suallar və müxtəlif fikirlər, münasibətlər var. 
Qaynarinfo bu sualları hüquqşünas Qulamhüseyn Əlibəyli ilə müzakirə edib. 
- İctimai və dövlət maraqları deyəndə nəyi nəzərdə tutmalıyıq?
- Hesab edirəm ki, ictimai maraq deyəndə bütünlükdə cəmiyyətin marağında olan məsələlər, o cümlədən cəmiyyətin ayrı-ayrı qrupları, sosial təbəqələr səviyyəsində olan məsələlər nəzərdə tutulur. Dövlət maraqları deyəndə isə bütövlükdə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı məsələlər nəzərdə tutulur. 
"Bu əməkdaşlıq ehtiva edir ki, vətəndaş müxtəlif formalarda dövlət maraqlarının həyata keçirilməsində iştirak etsin..."
- Necə düşünürsünüz, vətəndaşlar dövlət maraqlarının da həyata keçirilməsində iştirakçı və maraqlı tərəf kimi çıxış edə bilər?
- Bəli, bütün hallarda vətəndaş, vətəndaş qrupları, təşkilatları dövlət maraqlarının həyata keçirilməsində iştirak edə bilərlər. Son dövrlərdə dövlətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq deyə bir anlayış meydana çıxıb. Bu əməkdaşlıq ehtiva edir ki, vətəndaş müxtəlif formalarda dövlət maraqlarının həyata keçirilməsində iştirak etsin. Bizdə hazırda vətəndaş cəmiyyətini təmsil edən qurumlar - Qeyri Hökumət Təşkilatları var ki, bu təşkilatlar müsabiqə, qrant layihələri əsasında ictimai və dövlət maraqlı məsələlərinin həllində iştirak edir. 
- Bəs cəmiyyət bu sadaladıqlarınıza, yəni dövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan məsələlərin həllində iştirak etməyə hazırdır?
- Bu gün ayrı-ayrı vətəndaş qrupları, bütövlükdə cəmiyyətin özü buna tam hazırdır. Və onlar dövlət maraqlarının həyata keçirilməsində bu və ya digər formada iştirak edirlər. 
"Vətəndaş cəmiyyətinin, KİV-in fəallığı artırlmalıdır. Təkcə qrant məsələlərində yox, digər məsələlərin həllində də ictimai iştirakçılığın dairəsi genişlənməlidir..."
- İctimai maraqların müdafiəsi üçün daha çox hansı addımlar atılmalıdır?
- Bu suala birmənalı cavab vermək çətindir. Amma hesab edirəm ki, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin fəallığı artırlmalıdır, çünki onlar da ictimai maraqların daşıyıcılarıdır. Vətəndaş cəmiyyəti ilə dövlət arasındakı əməkdaşlıq münasibətlərinə yenidən baxılmalıdır. Təkcə qrant məsələlərində yox, digər məsələlərin həllində də ictimai iştirakçılığın dairəsi genişlənməlidir.
- İctimai və dövlət maraqlarına dair həyata keçirilən proqramların təsiri zəif olarsa, cəmiyyətdə nə baş verər?
- Hesab etmirəm ki, bu məsələ çox gərgin vəziyyətə gətirib çıxara bilər. Bu, sadəcə dövlət və ictimai maraqların müdafiəsində iştirak edən şəxsin kənarda qalmasına gətirib çıxarar.
- İctimai maraqları müdafiə etmək təkcə QHT-lərin vəzifəsidir?
- Yox, bu, təkcə QHT-lərin vəzifəsi deyil. Ayrı-ayrı vətəndaşların da vəzifəsidir. İctimai maraqların müdafiəsi təkcə dövlət maraqlarının müdafiəsi ilə bağlı deyil. Müəyyən kəsim yox, bütün cəmiyyət bu maraqların qorunmasında yaxından iştirak etməlidir. Bizdə isə ən yaxşı qurulmuş əlaqə QHT-lərlə dövlət arasında yaranıb.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.