Ukraynanın ərazi güzəştlərinə getməsi yalnız Vladimir Putinin həmin əraziləri növbəti hücumlar üçün plasdarm kimi istifadə etməsinə gətirib çıxarar. İki ildən sonra rusiyalıların 5000 kilometr məsafəyə çatan çoxlu raketi olacaq.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Le Point” nəşrinə müsahibəsində
deyib.
"Bəzi KİV iddia edir ki, guya əsgərlərimiz ölkəmizin şərq bölgələrini tərk etsə, sülh bərpa olunar. Bu yalandır. Putin Krıma hücum etdi ki, oradan ölkəmizin cənubunu mühasirəyə alsın və növbəti hücuma hazırlaşsın. 2014-cü ildə şərqin bir hissəsinə hücum etdi ki, həmin əraziləri tam işğal etmək üçün plasdarm əldə etsin. Sabah biz hər hansı formada Donbası tərk etsək – ki, bu olmayacaq – Putinə 1,5 milyon əhalisi olan Xarkovun yaxınlığında müdafiəsiz bir sahə açmış olarıq. O, həmçinin Dneprdəki sənaye mərkəzini ələ keçirərdi. Bu isə onun üçün imkanlar açardı”, deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, əgər Putinə bütün ölkəni ələ keçirmək mümkün olsaydı, o, Ukraynanı da eyni şəkildə plasdarm kimi istifadə edərdi. Zelenski vurğulayıb ki, bunun baş verib-verməyəcəyi Avropanın möhkəmliyindən asılı olacaq.
"Avropa güclüdürsə, o, yəqin ki, heç nə edə bilməz. Amma zəif olsa, Rusiya hərəkət edə biləcək. Moskva ilə Parisin arasında 3000 kilometrdən az məsafə var. Bu gün Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi raketlərin uçuş məsafəsi 2500 kilometrdir. Bizim özümüzün isə 3000 kilometr məsafəyə çatan raketlərimiz var.
Nəyi nəzərdə tuturam? Bu müharibə Avropada da, Rusiyada da texnoloji inkişafı sürətləndirir. Bu inkişafla artıq "uzaq müharibələr” anlayışı qalmır. İnanın, iki ildən sonra rusiyalıların da, bizim də 5000 kilometr məsafəyə çatan çoxlu raketimiz olacaq. Dəniz heç kimi qorumayacaq. Okean da heç kimi qorumayacaq. Raketlərin məsafəsi bəlkə də 10 min kilometrə çatacaq”, deyə Zelenski izah edib.
Zelenski bir daha bildirib ki, Ukrayna Rusiyaya ərazi güzəştləri etməyəcək və əraziləri dəyişməyəcək. "Kimlər üçünsə bu sadəcə torpaqdır, amma bizim üçün həyatımız, tariximiz, Konstitusiyamızdır”, deyə o qeyd edib.
Bundan əlavə, Zelenski xatırladıb ki, heç kim zəmanət verə bilməz ki, Vladimir Putin gələcəkdə də Ukrayna torpaqlarını işğal etməyə davam etməyəcək.
"O çox dəfə yalan danışıb, ona görə də biz etibar edə bilmərik”, deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, istənilən halda əraziləri Putinə vermək olmaz. Dövlət başçısı əlavə edib ki, Rusiya artıq böyük sayda hərbçisini itirib, dörd il ərzində isə Putin Donbasın 30 faizini belə işğal edə bilməyib.
Alpər
Şərhlər