Xəbər lenti

İki peşə üzrə çalışan insanların Altsheymer xəstəliyinə tutulma riski ən aşağıdır
Sağlamlıq 08:45 17.04.2026

İki peşə üzrə çalışan insanların Altsheymer xəstəliyinə tutulma riski ən aşağıdır

Əksər insanlar uzun və sağlam ömür üçün düzgün qidalanma və idmanı əsas hesab edir. Lakin araşdırmalar göstərir ki, digər amillər, o cümlədən peşə fəaliyyəti də beyin sağlamlığına təsir edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazır.

Yeni tədqiqatlara əsasən, iki konkret peşədə çalışan insanların yaşlı dövrdə Altsheymerxəstəliyindən ölüm riski daha aşağı ola bilər. Bu nəticə qəribə görünsə də, izahı beynin işləmə mexanizmləri ilə əlaqələndirilir.

Belə ki, Mass General Brigham tərəfindən aparılan araşdırma taksi sürücüləri və təcili yardım maşını sürücüləri arasında Altsheymer xəstəliyinə daha az rast gəlindiyini müəyyən edib. Tədqiqatçılar 8 972 221 ölüm haqqında şəhadətnaməni təhlil edərək ölüm səbəblərini şəxslərin ömür boyu əsas peşələri ilə müqayisə ediblər.

"Taksi sürücüləri və təcili yardım sürücüləri daim dəyişən marşrutlarda hərəkət edir, operativ qərarlar qəbul edir və ətraf mühitin xəritəsini yaddaşda qurub yeniləyirlər”, deyə materialda qeyd olunur.

Məlumatlar 2020-ci ilin əvvəlindən 2022-ci ilin sonuna qədər ABŞ əhalisinin 98 faizini əhatə edən ölüm qeydlərindən toplanıb. Təhlil edilən şəxslərdən 348 328 nəfər Altsheymer xəstəliyindən dünyasını dəyişib. Tədqiqat nəticələri bu peşələrin xəstəliyin qarşısını birbaşa aldığı anlamına gəlmir, lakin müəyyən oxşarlıqların olduğu vurğulanır.

Tədqiqatçılardan doktor Vişal Patel bildirib ki, beynin məkan oriyentasiyası və "koqnitiv xəritə” yaratmaqla bağlı hissəsi Altsheymer proseslərində də iştirak edir.

Buna uyğun olaraq, hipokampusla əlaqə ola bilər. Bu beyin sahəsi qısa müddətli yaddaşı uzunmüddətli yaddaşa çevirir, məkan yaddaşını və şifahi yaddaşı dəstəkləyir. Altsheymer xəstəliyində də ilk zədələnən bölgələrdən biri hipokampusdur.

Tədqiqatçı doktor Anupam Cen qeyd edib ki, taksi və təcili yardım sürücülərinin qeyri-müəyyən marşrutlara uyğunlaşması onların yaddaş və naviqasiya bacarıqlarını gücləndirə bilər.

Bunun əksinə olaraq, avtobus sürücüləri, gəmi kapitanları və pilotlar əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etdikləri üçün bu qədər güclü naviqasiya yükü yaşamırlar.

Eyni zamanda qeyd olunur ki, Altsheymerə genetik meyilli insanların bu cür yüksək yaddaş tələb edən peşələri daha az seçməsi də mümkündür.

Aydın
--> -->