ABŞ-ın Alyaska ştatının hakimiyyət orqanları Çukotkanın Eqvekinot kəndindən ABŞ-ın Sent Lourens adasına kiçik qayıqla 300 mildən (400 km) çox məsafə qət edən iki rusiyalı kişini saxlayıb.
Qaynarinfo xəbər verir ki, "Alaska News Service”in yerli sakinlərə istinadən verdiyi məlumata görə, onlar "rus ordusundan qaçdıqlarını”
bildiriblər.
Həmin şəxslər oktyabrın 4-də Qambell kəndi yaxınlığındakı Sent Lourens adasına çıxıblar. Bu barədə yerli sakinlər sahil mühafizəsinə məlumat veriblər. Səlahiyyətlilər rusları ştatın ən böyük şəhəri olan Ankoricə aparıblar.
"Rusiyadan qayıqla gələn və Qambelldə saxlanılan iki nəfər, mənim anladığım qədər, hazırda Ankoricdədir və onlarla federal hakimiyyət orqanları məşğul olur. Biz daimi insan axını və ya donanmasını gözləmirik. Bunun baş verəcəyinə dair heç bir əlamət yoxdur, ona görə də bu, istisna olan bir hal ola bilər”, - qubernator Mayk Danlivi bildirib.
Vəziyyət Daxili Təhlükəsizlik Nazirliyinin nəzarəti altındadır. Senator Den Sallivan "Rusiya ilə mövcud gərginliyin artdığını nəzərə alaraq” nazirliklə əlaqə saxlayıb. Daha sonra onun ofisi bəyanat yayaraq, rusiyalıların işini Gömrük və Sərhəd Xidmətinin öz üzərinə götürdüyünü bildirib. İndi həmin xidmət onların ABŞ-da qalmasının mümkün olub-olmamasına qərar verir.
Xatırladaq ki, Kremlin qiymətləndirməsi ilə tanış olan Forbes mənbəsinə görə, Rusiyada səfərbərlik elan edildikdən iki həftə sonra bir milyona qədər insan ölkəni tərk edə bilər. Nəşrin prezident administrasiyasındakı digər həmsöhbəti isə təxminən 600-700 min nəfərin olduğunu bildirib. Hər iki mənbə etiraf edir ki, səfərbərlikdən qaçanların dəqiq sayı məlum deyil: əksəriyyəti turist vizası ilə sərhədi keçir və onların qayıdıb-qayıtmayacağı bəlli deyil. Rəsmi olaraq, Kreml bu məlumatları təsdiq etmir və "feyk" adlanır.
Bu müddət ərzində rusiyalılar üçün ən populyar istiqamətlər Qazaxıstan, Gürcüstan, Finlandiya vasitəsilə daxil olduqları Avropa Birliyi və Monqolustan olub. Azərbaycan, Ermənistan, Özbəkistan və Tacikistan da populyar istiqamətlər olaraq qalır, lakin bu ölkələrin statistikası hələ dərc edilməyib.
Nizami Bağırov