
Sentyabrın 27-də Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində ordumuzun zabiti, leytenant Allahverdi Əbülfəz oğlu Baxışlı şəhid oldu.
Şəhid zabitimiz təntənə ilə dəfn edildi. Qeyd edək ki, şəhid zabitimiz həm də şəhid oğludur. Ailə başçısı Əbülfəz Baxışlı da 1994-cü ildə Ağdamda gedən döyüşlərdə şəhid olub.
Zabitimizin dəfn mərasimində diqqətçəkən məqam Hacıqabulda yaşayan Baxışlı ailəsinin evlərinin vəziyyəti idi. İki şəhid verən ailənin acınacaqlı yaşayış şəraiti görənləri mütəəssir edirdi.
İki üzvünü torpaq uğrunda qurban vermiş bu ailə köhnə, uçuq-sökük evdə yaşayır. Evin kişiləri, qazanc gətirənləri - ata və oğul da daha yoxdur.
Bu ailəyə hansısa yardımın edilib-edilməyəcəyi ilə maraqlandıq. Sadə və anlaşıqlı səbəbə görə: bu ailə çox şeyi haqq edir...
Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini Sahib Aslanov virtualaz.org saytına açıqlamasında şəhid ailəsinə indiyə qədər göstərilən yardımlardan və hazırda bərbad vəziyyətdə olan evin təmiri ilə bağlı hansı tədbirlərin görüləcəyindən danışdı.
S.Aslanov bildirdi ki, şəhid ailəsinin hazırda yaşadığı ev də bir vaxtlar Hacıqabul RİH tərəfindən tikilib: “Sonra ailə müraciət etdi ki, biz bu evi yenidən təmir edək. Lakin evin təmiri çox xərc tələb edirdi. Biz o zaman ailəyə təklif etdik ki, zabitlər üçün tikilmiş şəhərcikdə və icra hakimiyyətinin balansında olan binaların birində onlara mənzil verək. Ailə də bununla razılaşdı. Bir il əvvəl biz o ailəyə 1-ci mərtəbədə üçotaqlı ev verdik. Lakin şəhid Allahverdinin anası bununla razılaşmadı və 2-ci mərtəbədən mənzil istədi”.
S.Aslanovun sözlərinə görə, icra başçısı şəhid ailəsinin bu istəyinə “yox” deməyib və bununla bağlı sərəncam imzalayıb: “İcra başçısının göstərişi ilə həmin binanın 2-ci mərtəbəsində onlara ev verilməsi haqda razılıq əldə edildi. Lakin həmin mənzildə yaşayış var idi, orada bir zabit və ailəsi yaşayır. İcra hakimiyyəti və şəhidin anası arasında belə bir razılıq oldu ki, evdə yaşayan zabit çıxandan sonra mənzil onlara veriləcək. O evdə yaşayan zabit yaxın zamanlarda təqaüdə çıxacaq. İcra başçısının sərəncamı var və o ev onlara veriləcək. Ailə də bununla razılaşıb”.
İcra başçısının müavini yas günü ailəyə göstərilən yardımlardan da danışdı: “Şəhid zabitimiz torpağa tapşırılan gündən evlərinin qarşısında iki çadır qurulub. Bütün yas xərcləri icra hakimiyyəti tərəfindən qarşılanıb. Bu ailəyə ayrılan 1000 manat yardımı onlara şəxsən mən özüm çatdırmışam.
Bəziləri yazıb ki, biz sonradan həmin məhəlləyə çınqıl tökmüşük. Ancaq belə deyil. Həmin ərazidə kanalizasiya və su sistemində yenilənmə işləri aparılır. Ona görə də yol bərbad vəziyyətdə idi. Sonradan ora çınqıl tökdük ki, yasa gələnlər əziyyət çəkməsin.
Ailənin başçısı, şəhid Əbülfəz Baxışlıya görə onlara verilməli olan 11 min manat sığorta pulu ödəniləcək. İcra hakimiyyəti bu ailəyə daha 2000 manat yardım verəcək. Qəbir üstə getmək üçün avtobus da veririk. Yas mərasimlərində hər gün iştirak edirik. Ailəyə belə bir təklif də etdik ki, atanın da məzarını rayonun Şəhidlər Xiyabanına gətirə bilərik”.
İcra başçının müavini qeyd etdi ki, ailənin hazırda o evdə yaşaması öz səhlənkarlığının nəticəsidir: “Bizim təklif etdiyimiz evi istəmədilər. Dediyim kimi, özləri bizimlə razılığa gəlib başqa ev istəyirlər. Və razılığa əsasən də o ev nə zaman boşalsa, onlar həmin mənzilə köçürüləcək. Yas mərasimi bitsin, biz ananı yenidən qəbul edəcəyik. İmkanlarımız daxilində yardım edəcəyik. Onlara diqqətsizlikdən söhbət belə gedə bilməz. Ancaq təəssüflər olsun ki, şəhidi torpağa tapşıran gün qohumları bizdən ev tələb edirdilər. Hətta Bakıda ev verilməsini tələb edənlər də var idi”. (Virtualaz.org)
Qaynar.info