Xəbər lenti

İkinci yenidənqurma olacaqmı?..
Dünya07:25 24.03.2021

İkinci yenidənqurma olacaqmı?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Bəli, konspirologiya və xüsusən də mistika çox geniş yayılmış tendensiyalar olsalar da, insanların əksəriyyəti onlardan kənar olmağı üstün tutur və onların gündəlik siyasətdə əlamətlərini axtarmağa elə də həvəs göstərmirlər.
Çox yaxşı yadımızdadır ki, əski Sovet İttifaqının Kommunist partiyasının qoca və xəstə Baş katibi Yuriy Andropov öləndən sonra onun yerinə ondan heç də cavan olmayan qoca Konstantin Çerenenko təyin olunanda ABŞ  nümayəndə heyətinin başçısı ironik tərzdə demişdi ki, tezliklə bura bir də gələcəyik.
Amerikalılar da sonuncu prezident seçkisində qoca Baydenə səs verərkən əslində heç də məlum deyildi ki, onlar kimə səs verirlər – qoca Baydenə, yoxsa Bayden-Harris siyasi dubletinə, ya da ki, təkcə Kamala Harrisə?..
Ona görə də prezident Bayden bir neçə dəfə çaşaraq Harrisi ABŞ prezidenti adlandırarkən bəzi insanlar burada mistika əlamətləri sezirdi, çünki Baydenin artıq 79 yaşı var və məlum deyil ki, o, özünün prezidentlik müddətini başa vura biləcək, yoxsa siyasi estafeti Kamala Harrisə ötürəcək?
Bunu ən çox disput edən rusiyalı siyasətçilər və ya diplomatlardır, ona görə ki, onların Baydenin kəskin anti -Rusiya siyasətinə qarşı hər hansı bir kontur-vasitələri yoxdur. Amma dahi Ronald Reyqan da özünün anti – sovet siyasətinə start verərkən heç də yeniyetmə deyildi, amma bu, ona şər imperiyasını – Sovetləri diz çökdürməyə mane olmadı.
Amma indi iddia etmək ki, ikinci yenidənqurmanın vaxtı yetişibdir, əlbəttə, bu, tələsik nəticə olardı. Vladimir Putin çox ciddi siyasəstçi və güclü lider hesab edilir. İstisna deyil ki, üçüncü Rusiya imperiyasının qürubu ondan sonraya təsadüf edəcək. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, Putin Co Baydenin son kəskin bəyanatlarına kifayət qədər ironik cavab verdi: "Mən ona sağlamlıq arzulayıram”. Bəli, bu, çox ironk atmaca idi, çünki Bayden yaşında insanlar daha çox öz səhhətləri haqda düşünürlər.
Amma Rusiyada ikinci yenidənqurma tamamilə labüddür və bu haqda daha çox ruslar özləri yazırlar – özü də seyrək yox, kifayət qədər çox və intensiv şəkildə. 
Bəs bu, yeni ABŞ hakimiyyətinin təzyiqi altında baş verəcək, yoxsa hələ bir az gözləmək lazım gələcəkdir? 
Hələ heç kim bu sualın cavabını bilmir. Bəlli olanı budur ki, sovet imperiyası çox yaruslu idi. Biz yalnız birinci və ikinci pillələrin çöküşünə şahidlik edə bildik. İndi də,- rusiyalı strateqlər nə qədər çalışsa da,- daxili ziddiyyətlər qalır və ilk təkanda imperiyanın yeni yaruslarının zəncirvari çökşüşü baş verəcəkdir.
Amma məsələ bunda deyil. Sovet imperiyasının çöküşündən sonra yalnız Şərqi Avropa ölkələri azad oldu. Sovet respublikalarına gəldikdə, yalnız Baltikyanı respublikalar Rusiyanın təsir dairəsindən uzaqlaşa bildi və yadımıza gəlir ki, C.Buşla M.Qorbaçev sualtı qayıqda görüşəndə sovet respubliklarından yalnız Baltikyanı respublikaların gələcəyinin müzakirə olunduğu deyilirdi.
Bu il Sovetlərin çöküşünün otuz ili tamam olur. Bu illər ərzində digər sovet respublikaları öz azadlıqları uğrunda mübarizələrini davam etdirib, çünki bunların əksəriyyətinin ərazisində Kremlin yaratdığı etno - ərazi münaqişələri var və əksər təhlilçilərin də fikri budur ki, bu münaqişələr yalnız onda bitəcək ki, Rusiyada növbəti dezinteqrasiya prosesləri start götürsün. 
Co Bayden buna təkan verə biləcəkmi? Biz dəfələrlə yazmışıq ki, Belarusu və ya Mərkəzi Asiyanı Rusiyanın təsirindən çıxarmaq yetər ki, Moskva nəinki imperiya, hətta bir regional güc kimi çöksün. Bu prosesin epizodik əlamətlərini görürük, amma ciddi tendensiyadan danışmaq hələ çox tezdir.
Prosesi Rusiyanın daxili özəllikləri və yaxud ehtiyacları da diqtə edir – axı bu ölkə də nə vaxtsa azad və demokratik olmalıdır! İndi isə təhlilçilər və politoloqlar tande-demokratiya, məsuliyyətli demokratiya, effektiv dövlətçilik haqda danışırlar. Amma bütün bunlar əsl demokratiyaya karikaturadan savayı bir şey deyildir...