
Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə sentyabrın 22-də “Media forum” saytına danışıb.
O, oğlu ilə telefon əlaqəsi saxladığını deyib: “Səhhətindən və saxlanma şəraitindən narazılığı yoxdur. Əhval-ruhiyyəsi yüksəkdir. Dostları ilə də hərdən danışır. Onunla birlikdə həbs olunan gənclərlə əlaqəsi isə yoxdur. Onların halını mən valideynlərindən soruşub oğluma məlumat verirəm”.
İlkin Rüstəmzadə ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Bu il mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.
İlkin Rüstəmzadə 1992-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Subaydır.
Qaynar.info