Xəbər lenti

İllərlə gözləyən təşkilatlar var ki, qeydiyyatdan keçə bilmirlər - QHT problemləri
Ölkə12:23 18.02.2022

İllərlə gözləyən təşkilatlar var ki, qeydiyyatdan keçə bilmirlər - QHT problemləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə hazırlanıb)
Müasir dövrün ən çox işlədilən sözlərindən biri də "vətəndaş cəmiyyəti” ifadəsidir. Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkşaf edən bir cəmiyyətdir. Burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Ən önəmlisi belə cəmiyyətlərdə insanlara qarşı zorakılığa yer yoxdur, humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.
Vətəndaş cəmiyyəti geniş anlayışdır. Azərbaycanda vətəndaş cəmiyyəti deyəndə yalnız qeyri-hökumət təşkilatları nəzərdə tutulur. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətləri kimi tanındıqlarına görə bu istiqamətdə daha çox müzakirələr aparılır. 
Dövlət QHT agentliyini formalaşdırıb. Hazırda vətəndaş cəmiyyətinin qarşısında bürokratik əngəllər var. Bu əngəllər götürülsə, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti dövlətə kifayət qədər töhvə verə bilər. Bunun üçün də dövlətin əsas atacağı addım QHT-lərlə bağlı qanunvericiliyi sadələşdirməkdir.
Hüquq müdafiəşici Səidə Qocamanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti hazırda yeni bir mərhələyə addım atıb və cəmiyyətə yeni bir nəfəs gəlib:
"Mən QHT-ləri nəzərdə tuturam, amma biz vətəndaş cəmiyyəti deyəndə daha geniş bir auditoriyanı, cəmiyyəti nəzərə tutmalıyıq. Bura kütləvi informasiya vasitələri, QHT-lər, müxtəlif ictimai təşkilatlar daxildir. Amma mən QHT nümayəndəsi olduğuma görə, bunu nəzərə almaq və oxucuların diqqətini bu problemə yönəltmək istəyirəm. 
Biz xeyli vaxtdır ki, Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına dəstək Şurası ilə işləyirdik. Amma indi həmin şura ləvğ olunub və onun yerini agentlik tutub. Bu da qısa zamanda QHT və bütövlükdə vətəndaş cəmiyyətinə yeni nəfəs gətirən bir qurum olub. Artıq onlar işi və fəaliyyəti ilə bunu sübut edirlər, müasirliyi, yeni innovasiyalara, cəmiyyətə doğru addımları ilə fərqlənirlər. Əlbəttə, bu, müsbət haldır. Düşünürəm ki, bu, uğurlu və davamlı olacaq. Biz onlardan yeni-yeni addımlar gözləyirik. Ümid edirik ki, həmin bu addımlar Azərbaycan cəmiyyətinə böyük töhvələr verəcək”. 
Səidə Qocamanlı təəssüf hissi ilə bu sektorda mənfi halların da olduğunu vurğulayıb:
"Biz bunları deməsək, olmaz. Hər bir işdə yeniliyə can atmaqla yanaşı, yeni təkliflər, layihələr olmalıdır. Həmin yeniliklər də cəmiyyət tərəfindən dinlənməlidir. Bunlardan birincisi, Azərbaycanda QHT-lərin qeydiyyatı ilə bağlı sadəliyə fikir verməkdir. QHT-lərin qeydiyyata alınması bu saat böyük problemdir. Yaxşı olardı ki, QHT-in qeydiyyat məsələsi ASAN xidmətə verilsin, yaxud da bu məsələni hansısa bir yolla tezləşdirmək mümkün olsun. Bu mənim əsas təklifimdir. İllərlə öz yolunu gözləyən təşkilatlar var ki, qeydiyyatdan keçə bilmirlər”.  
Hüquq müdafiəçisi burada hansısa təhlükələrin ola biləcəyini də önə çəkib:
"Etiraf edək ki, elə təşkilatlar yaranır, onlar Azərbaycan dövlətinə və onun təhlükəsziliyinə qarşı hansısa maraqlardan çıxış edə bilərlər. Belə təşkilatlar da ola bilər. Burada diqqətli olmalıyıq. Ancaq bu, işin tezləşdirilməsinə əngəl ola bilməz. Mən elə təşkilatlar tanıyıram ki, onlar uzun zamandır qeydiyyata alınması üçün sənədlərini veriblər. Özü də tək Bakıdan deyil, hətta əyalətlərdən qeydiyyata alınması üçün müraciət ediblər. Amma onları əngəlləyirlər, vaxtını uzadırlar, get-gələ salırlar”. 
Səidə Qocamanlı onların get-gələ salınmasının əsas səbəblərini açıqlayıb:
"Bir az ehtiyat edirlər. Çünki son zamanlarda Azərbaycana qarşı həm xaricdən, hən də daxildən olan təpkiləri, bəzi QHT-lərin dövlətçiliyə, ölkənin təhlükəsizliyinə vurduğu ziyanları nəzərə alsaq, elə bilirəm, burada seçimlə bağlı hardasa ehtiyatlanma var. Düşünürəm ki, bu məsələni də həll etmək olar. Azərbaycanda kifayət qədər oturuşmuş, artıq özünə imic qazanmış QHT-lər də var ki, onlar yeni qeydiyyatdan keçəcək QHT-lərlə bağlı təqdimat verə bilərlər, bu da uyğun strukturlar tərəfindən nəzərə alınar. Ki, sabah yeni yaranmış QHT hansısa əyri yola düşəndə təqdimat verən təşkliat ona görə məsuliyyət daşıya bilsin. İkincisi də elə bilirəm QHT-lərin işinin, fəaliyyətinin daha da geniş vüsət alması üçün Azərbaycandan çıxarılan xarici donorlar ölkəyə qayıtmalıdır. Burada da seçim olmalıdır. Bu, artıq dövlətin işidir. Elə xarici donorlar var ki, Azərbaycanda QHT sektorunun daha da inkişaf etməsi, dövlətə xeyir verməsi onların marağındadır. Həm əyalətlərdə, həm də vətəndaşlara... Burada çox incə yanaşma olmalıdır. İncə yanaşma da dövlət strukturları ilə oturuşmuş QHT-lərin birgə konstruktiv dialoqu əsasında həll oluna bilər. Bu problemi çox asanlıqla aradan qaldırmaq olar. 
Oturuşmuş QHT-lər bununla bağlı dəfələrlə dövlətə təkliflər paketi ilə müraciət edib. Biz görüşlərdə də bu problemləri qaldırırıq. Bu təkliflər yeni deyil, illərlə bunları təkrarlayırıq. Elə bilirəm, bu problemlərin aradan qaldırılması üçün yenidən danışıqlar aparılmalıdır. Heç kimə sirr deyil ki, bu gün elə bir vəziyyətdəyik, qeyri-neft sektorunun inkişafı üçün məhz o oturuşmuş QHT-lər öz töhvəsini verməlidir. Elə QHT-lər var ki, 30 ildən çoxdur Azərbaycanda işləyir. Niyə onların səsi gəlməsin? Niyə onların təklifləri nəzərə alınmasın? Biz bu cəmiyyətdə yaşayırıq, Azərbaycan balaca bir ölkədir və hamını tanıyırıq. QHT sektorunda hansısa fərqli addımlar atmaq üçün dövlət sektorunda gərək dövlət strukturları ilə QHT-lərin arasında sıx əlaqələr olsun. 
QHT-lər platformalar yaradıb, həm Milli Məclisə, həm Prezident Aparatına təklifər paketi verilib. Bunlar hamısı olunub, amma əsas mənim yuxarıda səsləndirdiyim təkliflərdir.
Təzə yaranan QHT layihələr irəli sürür, amma onlar qeydiyyatda alınmadığına görə layihələri keçərli olmur. Ona görə də deyirəm ki, təzə yaranan QHT-lər sənədlərini qeydiyyata verəndə dövlət strukturları oturuşmuş, böyük təcrübəyə malik QHT-lərin fikirlərini, təkliflərini nəzərə alsın. Biz kənc kadrlar yetişdirməliyik. Bilik və bacarqılarımızı həmin təşkliatlara yönəltməliyik. Bunsuz alınmayacaq. Heş kimin tanımadığı bir gəncin QHT-si var. Amma onu heç kəs tanımadığına görə etimad göstərmirlər. İllər boyu təcrübəsi olan QHT həmin gəncə təcrübəsini ötürməklə onlara sahib çıxmalı, kömək eləməlidir ki, yeni bir təşkliat yaransın və yavaş-yavaş addımlasınlar...” 
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.