Xəbər lenti

İlqar Nəsibov polis nəzarətinə verilib
Siyasət16:00 22.09.2014

İlqar Nəsibov polis nəzarətinə verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hüquq müdafiəçisi İlqar Nəsibov polis nəzarətinə verilib. Xəbəri “Azadlıq” radiosu yayıb.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda, həmtəsisçisi olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin ofisində döyülüb. Avqustun 23-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb ki, İlqar Nəsibovu yaxın dostluq münasibəti saxladığı Naxçıvan şəhər sakini Fərid Əsgərov döyüb.

Sentyabrın 20-də Naxçıvan Şəhər Polis İdarəsində İlqar Nəsibova qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə cinayət işi açılıb. Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə ittiham olunur. Həmin maddə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İlqar Nəsibov “Azadlıq” radiosuna deyib ki, sentyabrın 22-də onu Naxçıvan Şəhər Polis İdarəsinə çağırıb ittiham aktı ilə tanış ediblər: “Məni döyən Fərid Əsgərova qarşı qaldırılan cinayət işini eyni ilə mənə tətbiq ediblər. Guya mən Fəridə xəsarətlər yetirmişəm, güc tətbiq etmişəm. Bu gün onu da bildirdilər ki, mən polis nəzarətinə verilmişəm. Bununla bağlı müstəntiqin qətimkan tədbirini göstərdilər. Dedilər ki, 10 gün ərzində iş məhkəməyə göndəriləcək”.

“Media forum” saytı bildirir ki, Cinayət-Prosessual Məcəlləsinin 169-cu maddəsinə görə, polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.

Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Polis orqanı göstərilən qərarı qəbul etdikdən sonra 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi çağırmalı, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.

Qaynar.info