Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji qazıntılar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Kağana həsr olunmuş kompleks aşkar edilib.
Qaynarinfo arkeolojikhaber.com-a istinadla xəbər verir ki, məlumatı Türk Akademiyasının prezidenti Darhan Kıdıralı
verib.
Kompleksin ümumi sahəsi 49x41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, oradan torpaq qalaqlanaraq qala tikilib.
Kompleksin qərb tərəfində ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin darvazasından şərqə doğru 51 balbal daşı yan-yana düzülüb. Onların arasında beş balbal daşından Aşina ailəsinə aid "dağ keçisi” rəmzi müəyyən edilib.
Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola salınan gil səki aşkar edilib.
Kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir köhnə türk qrafikası, üçüncü tərəfində isə əski soqd qrafikası var. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən "Tanrı”, "Türk”, "Kutluk”, "Tümen” kimi bir sıra sözləri müəyyən ediblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göktürk xanlığını dirçəltmiş Kültegin və Bilgə Kaqanın atası İlteriş Kutluk Kağana ithaf edildiyi qənaətinə gəlinib. Bundan əlavə, bu külliyə "türk” adının ilk dəfə çəkildiyi Göktürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.
Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Kağan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Kağan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində belə xaqanlıq rəmzləri olan əjdaha formalı, qurd başlı forma çəkilib. Nomqon abidəsinin də Orhun abidələri kimi Göktürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.
Alpər