Şimali Avropadan olan jurnalistlərin birgə araşdırması göstərir ki, sonradan "Şimal axını” qaz kəmərində partlayışların baş verdiyi ərazinin yaxınlığında sualtı əməliyyatlar apara bilən Rusiya gəmiləri olub. Araşdırmada Rusiyanın partlayışlarda əli ola biləcəyi ilə bağlı birbaşa iddia yoxdur - jurnalistlər yalnız sual verirlər: partlayışlardan əvvəl bu gəmilər orada nə edə bilərdi?
Qaynarinfo-nun BBC-yə istinadən məlumatına görə, Danimarkanın DR, Norveçin NRK, İsveç SVT və Finlandiyanın Yle telekanallarının
araşdırmasından belə nəticə çıxır ki, gəmilərin marşrutları söndürülən identifikasiya cihazları sayəsində deyil, Rusiyanın Hərbi Dəniz qüvvələrinin danışıqlarının ələ keçirilməsi ilə müəyyən edilib.
Ötən ilin sentyabrında baş verən sualtı partlayışlar Rusiyadan Avropaya qaz nəql etmək üçün tikilmiş "Şimal axını” qaz kəmərinin hər iki qolunu sıradan çıxarıb. Partlayışların səbəbi bəlli deyil. Rusiya özünə qarşı şübhələri qəti şəkildə rədd edir və təxribatın arxasında Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrinin ola biləcəyini iddia edir.
Mediada partlayışların arxasında Ukrayna dövlətinin deyil, bəzi ukraynayönlü şəxslərin ola biləcəyi versiyası da irəli sürülüb.
Partlayış yerinə yaxın olan ölkələrdə rəsmi araşdırmalar hələ də davam edir. Hələlik bu ölkələr partlayışları hansısa qəzanın deyil, təxribatın nəticəsi hesab etdiklərini bəyan ediblər.
"Putinin pərdəarxası müharibəsi” sənədli serialının yeni bölümü və "Soyuq cəbhə” podkastı Rusiyanın mümkün iştirakına işarə edən yeni versiya irəli sürüb. Bununla belə, müəlliflər birbaşa Moskvanın partlayışlarda əli olduğunu iddia etmirlər. Danimarkanın DR, Norveçin NRK, İsveçin SVT və Finlandiyanın Yle telekanallarının aprel ayında yayımladığı bir sıra verilişlərdə iddia edilirdi ki, Rusiya Şimal dənizində külək elektrik stansiyaları və kabellərin fəaliyyətini sabotaj etmək üçün proqram hazırlayıb.
Araşdırmaçıların bildirdiyinə görə, balıqçı və tədqiqat gəmiləri adı altında maskalanan Rusiya gəmilərinin donanması sualtı müşahidə avadanlığı ilə təchiz olunub. Onların fikrincə, xüsusilə, "Admiral Vladimirski" ekspedisiya okeanoqrafik gəmisi casus gəmisi hesab edilməlidir. Qısa müddət ərzində o, Böyük Britaniya və Niderland sahillərində yeddi külək stansiyasının yanında görünüb.
Araşdırmanın yeni epizodu "Şimal axını”nda partlayışlardan əvvəl gəmilərin şübhəli hərəkəti hesab edilməli olan mövzuya həsr olunub. Ehtimal edilir ki, bu gəmilər arasında Rusiya Hərbi Dəniz Qüvvələrinin "Sibiryakov” tədqiqat gəmisi, SB-123 yedək gəmisi və jurnalistlərin adını çəkə bilmədiyi Rusiya Hərbi Dəniz Qüvvələrinin üçüncü gəmisi də var.
Onların versiyasına görə, bunlar identifikasiya cihazları söndürülmüş "kabus gəmilər" olub. Araşdırmaçılar isə gəmilərin 2022-ci ilin iyun-sentyabr aylarında Rusiya hərbi-dəniz bazaları ilə əlaqə saxlayarkən danışıqları ələ keçirilməklə onların hərəkətlərini izləyə biliblər.
Araşdırmaya görə, gəmilərin hərəkətləri 2018-ci ildə təqaüdə çıxana qədər Rusiya Baltik Donanmasının danışıqlarının ələ keçirilməsi ilə məşğul olan keçmiş Britaniya dəniz kəşfiyyatı zabiti tərəfindən izlənilib.
Gəmilərin partlayış yerinin yaxınlığında bir neçə saat, bir halda isə demək olar ki, bütün gün ərzində olduğu bildirilir. Eyni zamanda, "Sibiryakov” gəmisinin sualtı kəşfiyyat və xəritəçəkmə işləri aparmağa, eləcə də kiçik sualtı aparat buraxmağa qadir olduğu güman edilir.
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş kəşfiyyatçısı bildirib ki, o, iyun ayında boru kəmərinin daha sonra partlayacağı yerin ətrafında qeyri-adi naviqasiya marşrutu aşkar edib. Adı açıqlanmayan başqa bir gəmi də iyun ayında ərazidə olub. Araşdırmadan göründüyü kimi, SB-123 dəniz yedək gəmisi sentyabr partlayışlarından cəmi beş gün əvvəl əraziyə gəlib. Ehtimal edilir ki, o, bütün axşam və bütün gecəni orada qalıb, sonra isə Rusiya tərəfinə keçib.
Jurnalistlərin qeyri-adi marşrutlar barədə iddiaları araşdırılan peyk görüntüləri tərəfindən təsdiqlənir. Keçən həftə Danimarka hərbçilərinin partlayışların baş verdiyi yerin yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı əməliyyatlarda ixtisaslaşan başqa bir gəminin 26 fotoşəkilini çəkdiyi bildirilir. Danimarka qəzeti yazıb ki, SS-750 xilasedici gəmi partlayışlardan dörd gün əvvəl çəkilib. Bu gəmi mini sualtı qayıq daşıya bilir. Sənədli filmdə gəmilərin "Şimal axını”nın partlayışları zonasında nə etdikləri barədə konkret iddia irəli sürülmür. Araşdırmada partlayışların arxasında Rusiyanın dayandığına dair də heç bir iddia yoxdur. Araşdırmaçılar yalnız sənədləşdirdikləri fəaliyyətlərin şübhəli mahiyyəti ilə bağlı suallar verirlər. Rusiya ardıcıl olaraq partlayışlarda əli olduğunu təkzib edir.
Nizami Bağırov