Qabil Hüseynli: "Onun seçkiləri udması və yenidən Baş nazir postuna qayıtması çətin olacaq”
Pakistanın Baş naziri İmran Xanın istefası ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bu mülahizələrdə Rusiya amili "qırmızı xətlə” keçsə də, İmran Xanın istefasını daxili siyasi çəkişmələrlə bağlayanlar da var.
İmran Xan 2018-ci ildən Pakistanın Baş naziri vəzifəsində idi. Bu kürsüyə yiyələnəndə onun reytinqi kifayət qədər yüksək olub. Hazırda da İmran Xanın xalq arasında nüfuzu böyükdür. Bu baxımdan, onun yenidən Baş nazir postuna qayıda biləcəyi istisna edilmir.
Xatırladaq ki, mart ayından Pakistanda siyası böhran başlayıb. Ölkədəki bahalaşmaya görə müxalifət İmran Xana impiçment tətbiq edilməsinə çalışıb. 13 deputat müxalifətə keçib, bir nazir istefa verib. İmran Xanın fevral ayında Rusiyaya səfərindən sonra siyasi böhran daha da dərinləşib.
Baş verənləri Qaynarinfo-ya şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, Pakistandakı siyasi böhranda ABŞ-ın rolu böyükdür.
"İndi ABŞ-la Pakistanın münasibətlərində soyuqluq hökm sürür. Münasibətlərin pozulması ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması dövrünə təsadüf edir. Həmin vaxt da ABŞ Pakistan üzərindən hava dəhlizi istəsə də, İmran Xanın buna razılıq verməmişdi. Fikrimcə, bu, doğru addım deyildi. Belə fəaliyyət vaxtilə strateji tərəfdfaşlıq əlaqələrində olan ABŞ-la münasibətləri alt-üst etdi. Təbii ki, Vaşinqton İmran Xanla bağlı nələrsə düşünməli idi”, - deyə Qabil Hüseynli bildirib.
Qabil Hüseynli
Politoloq Pakistandakı siyası böhranın İmran Xanın Rusiyaya səfərindən sonra dərinləşməsinə diqqət çəkərək bildirib ki, Ukraynaya təcavüz edən və dünya tərəfindən sərt qınağa tuş gələn, sanksiyalara məruz qoyulan bir ölkəyə səfər keçmiş Baş nazirə qarşı arqumentləri gücləndirib:
"İmran Xan təcrübəli siyasətçi olsa da, təcrübəli siyasətçiyə yaraşmayan addım atdı. Moskvaya getdi və orada müxtəlif sənədlər imzaladı. Onsuz da müxalifətin İmran Xana münasibəti yaxşı deyildi. Hətta iş o yerə çatdı ki, İmran Xanın öz partiyasından olan bir neçə şəxs müxalifət sıralarına keçdi. Bu gün də İmran Xanın partiyasının əridilməsi prosesi davam edir və yəqin ki, davam edəcək”.
Politoloqun sözlərinə görə, Pakistanda parlament və hökumətin buraxılması müxalifətin istəklərinə uyğun deyildi. Çünki müxalifət seçkiyə İmran Xanın rəhbərliyi ilə getmək istəmirdi. Müxalifətin ssenarisi hökumətin devrilməsindən ibarət idi ki, bu da baş tutmadı.
Qeyd edək ki, Prezident İmran Xanın istəyinə uyğun olaraq parlamenti buraxdı. Ordu isə siyasi proseslərə qarışmayacağını bəyan etdi. İndi hər kəsi belə bir sual düşündürür - İmran Xanın seçkilərdə qalib gələrək yenidən Baş nazir olma şansı varmı?
Qabil Hüseynli hesab edir ki, İmran Xanın yenidən qalib gələcəyi istinsa edilməsə də, bu bir qədər çətindir. "İmran Xanın daxili siyasi mübarizədə, eyni zamanda xarici münasibətlərdə də əlində ciddi qarqumentlər qalmayıb. Ona görə də seçkiləri udması və yenidən Baş nazir postuna qayıtması çətin olacaq”, - deyə politoloq bildirib.
Seyid