Çindən Azərbaycana gələn yük qatarları artıq 10 gündən çoxdur ki, Qazaxıstanda qeyri-qanuni olaraq saxlanılıb və ölkəmizə buraxılmır.
Aznews.az xəbər verir ki, qatarlar Qazaxıstanda yeri yaradılmış Gömrük Gəlirlərinə Nəzarət İdarəsi tərəfindən saxlanılıb. Qurum qatarlardakı hər vaqona görə 3000 dollar rüşvət tələb edir.
Hazırda mal sahibləri pulu ödəməkdən imtina etdikləri üçün qatarlar Aktau şəhərinin Manbustay rayonunda yoxlama adı ilə saxlanılır. Qatarların 9 vaqonunda axtarışlar aparıldıqdan sonra sərhəddən buraxılıb.
Mal sahiblərinin yükünü daşıyan “Klassik-2” yükdaşıma şirkətinin hüquqşünası Sərvər Hüseynovun AzNews.az-a verdiyi məlumata görə 9 vaqon buraxılsa da, 3 vaqon 10 gündən çoxdur ki, Aktauda girovluqdadır: “Gömrük Gəlirlərinə Nəzarət İdarəsinin rəisi baş nazirin müavinidir. Ona görə də heç bir qurum ona söz deyə bilmir. Tələb etdikləri rüşvəti də vermədiyimizə görə vaqonlarımızı 10-15 gündür buraxmırlar. Camaat bu pulu versə, daha nə qazanc qalacaq ki?”
Mal sahibləri və yükdaşıma şirkəti məsələ ilə bağlı Qazaxıstanın aidiyyəti qurumlarına müraciət ediblər, məktublar yazıblar, lakin heç bir cavab ala bilməyiblər.
Qaynar.info