"Afrindəki əməliyyatların böyük itkilərə səbəb olmamasından məmnunuq. YPG ilə PKK arasında əlaqələrin olması ilə bağlı iddiaların fərqindəyik. Bizim PKK məsələsində mövqeyimiz konkretdir. PKK terror təşkilatıdır. YPG-nin də özünü PKK-dan uzaqlaşdırmalı olduğunu düşündüyümüzü konkret şəkildə bildiririk. Biz ABŞ deyilik, YPG-ni silahlandırmırıq"
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə PKK-YPG münasibətləri və Türkiyə Silahlı Qüvvələrinin apardığı Afrin əməliyyatı ilə bağlı açıqlamasında İngiltərənin Yaxın Şərq və Şimali Afrika üzrə dövlət katibi Alister Bert deyib.
O, Türkiyənin özünü terrora qarşı qorumaq qərarını və buna ehtiyacı olduğunu anladıqlarını diqqətə çatdırıb:
"Türkiyənin terrora qarşı özünü qoruma ehtiyacını və qərarlılığını anlayırıq. İndi hamını bu sual düşündürür. Növbədə nə olacaq? Türkiyə sərhədlərinin və Şimali Suriyanın təhlükəsizliyinin təmin olunması Türkiyənin ciddi şəkildə yanaşdığı məsələdir. Suriyadakı digər hər şey kimi münaqişələrin azalmasını və ən az qarşıdurma ilə təhlükəsizliyin təmin edilməsini arzulayırıq".
Dövlət katibi həmçinin İngiltərə ilə Rusiya arasında gərginliyə səbəb olan Skripal məsələsinə də toxunub. O, bu məsələdə bir daha Rusiyanın barmağı olduğunu deyib və Türkiyəyə göstərdiyi dəstək üçün təşəkkür edib. Bert Türkiyə-Rusiya arasındakı yaxın münasibətlərin İngiltərəni narahat etmədiyini və Şərqi Qutaya yardımların çatdırılması üçün Türkiyənin Rusiya üzərindəki təsirindən istifadə edəcəyini gözlədiklərini, həmçinin yaxın zamanda Türkiyənin Avropa Birliyinə üzv olacağını ümid etdiyini dilə gətirib.