Alimlər Mərkəzi Afrikada əvvəllər dost münasibətləri olan şimpanze qrupları arasında baş vermiş nadir və genişmiqyaslı münaqişəni araşdıraraq, bu primatlarda baş verən qanlı qarşıdurmaların insanların niyə müharibə apardığını izah etməyə kömək edib-etmədiyini öyrənməyə çalışırlar.
Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, söhbət dünyanın ən böyük şimpanze icmalarından biri olan və Kibale Milli Parkında yaşayan Nqogo qrupundan gedir. Tədqiqatçılara əsasən, uzun sürən qarşıdurma nəticəsində ən azı yeddi yetkin erkək və 17 bala həlak olub. Münaqişə təxminən 16 kilometr ərazini əhatə edib.
Yale Universitetinin alimləri bildirirlər ki, eskalasiyanın başlanğıc nöqtəsi bir neçə əsas lider erkəyin təbii ölümü ola bilər. Bu hadisə 160 fərddən ibarət böyük patriarxal qrupun iki düşmən fraksiyaya parçalanmasına gətirib çıxarıb. Primatoloq Yuliya Bedesku etiraf edib ki, əvvəllər sıx sosial əlaqələri olan heyvanların qısa müddətdə bir-birinin ölümcül düşməninə çevrilməsi tədqiqatçılar üçün gözlənilməz olub.
Araşdırma onilliklər ərzində aparılıb və GPS müşahidələri, 24 illik sosial əlaqə təhlili və 30 illik demoqrafik məlumatlara əsaslanır.
Alimlər prosesi üç mərhələyə bölüblər: əvvəlcə birliyin zəifləməsi və parçalanmaya keçid, daha sonra qruplar arasında qarşılıqlı uzaqlaşma, sonda isə açıq zorakılıq mərhələsi. 2015-ci ildən etibarən bir qrup keçmiş müttəfiqlərə qarşı ən azı 24 hücum həyata keçirib və bu hücumlar erkək fərdlərin və balaların ölümü ilə nəticələnib.
Texas Universitetinin Ostin şəhərindən tədqiqatçı Aaron Sandel bildirir ki, bu müşahidələr insan münaqişələrinin mahiyyətini daha yaxşı anlamağa kömək edə bilər. Bununla belə, o, birbaşa vətəndaş müharibələri ilə müqayisə aparmağın düzgün olmadığını vurğulayır, lakin şimpanzelərdəki kollektiv zorakılıq və qütbləşmənin insan davranışına dair mühüm ipucları verdiyini qəbul edir.
Tədqiqat nəticələri göstərir ki, hətta dil, mədəniyyət və ideoloji fərqlər olmadan belə, sosial əlaqələrin dəyişməsi parçalanma və zorakılığa gətirib çıxara bilər. Bu isə insan müharibələrinin səbəbləri ilə bağlı uzunmüddətli elmi müzakirələr fonunda xüsusilə əhəmiyyətlidir.
Bəzi alimlər müharibələri yalnız situativ amillərlə izah edir, digərləri isə bunun dərin təkamül köklərinin olduğunu düşünür.
Yeni tədqiqat yekun cavab verməsə də, münaqişələrin əsas səbəbinin yalnız mədəni və ya kimlik fərqləri olması barədə geniş yayılmış fikri sual altına alır. Şimpanzelərdə belə sosial bağların qütbləşmə və zorakılığa səbəb ola bilməsi, insan cəmiyyətlərində bu amillərin daha mürəkkəb şəkildə işlədiyini göstərir.
Sandelin fikrincə, bu həm də insanlığın öz cəmiyyətində münaqişələri daha yaxşı idarə etmək və azaltmaq imkanına sahib olduğunu göstərir.
Qeyd olunur ki, bu araşdırma şimpanzelərin davranışı üzrə uzunmüddətli tədqiqatların davamıdır və 1970-ci illərdə primatoloq Ceyn Qudoll tərəfindən qeydə alınmış "Qombe şimpanze müharibəsi” ilə də səsləşir. Həmin münaqişə təxminən dörd il davam etmiş, zorakılıq və ərazi ələ keçirmə halları ilə müşayiət olunmuş və sonradan qrupların yenidən birləşməsi ilə nəticələnmişdi.
Fərqlərdən biri odur ki, Qombedə insanlar heyvanlara qismən təsir göstərə bilmişdi, o cümlədən onları qidalandırmaqla. Nqogo hadisəsində isə belə bir müdaxilə olmayıb, baxmayaraq ki, insan faktorunun dolayı təsiri hələ də müzakirə mövzusudur.
Primatoloq Enn Pyuzi (Anne Pusey) qeyd edir ki, yeni tədqiqatda sosial əlaqələrin dağılması və əvvəllər olmayan düşmənçiliyin yaranması "narahatedici dərəcədə tanış” görünür. Onun sözlərinə görə, bu nəticələr həm heyvanlarda, həm də insanlarda konfliktlərin mahiyyətinə daha fərqli baxmağa vadar edir.
Əlaqəli mövzu: insanın əcdadları ilə bağlı tədqiqatlar
Xatırladaq ki, alimlər İsraildə yerləşən Tinşemet mağarasından əldə olunan unikal tapıntıları təhlil edərək neandertallar və Homo sapiens arasındakı münasibətləri araşdırıblar. Yeni məlumatlara görə, erkən insanlar yalnız qonşu qruplar deyil, həm də məlumat və texnologiya mübadiləsi aparan icmalar olub. Bu qarşılıqlı təsirlər alət hazırlanması və sağ qalma üsullarında mədəni qarışıqlığa səbəb olub.
Aydın
Şərhlər