Xəbər lenti

İnsanlığın ən qaranlıq səhəri: Kölgəyə çevrilən bir şəhər (FOTO)
Dünya 11:14 09.08.2025

İnsanlığın ən qaranlıq səhəri: Kölgəyə çevrilən bir şəhər (FOTO)

6 avqust 1945-ci il səhəri, Yaponiyanın Xirosima şəhəri üzərinə atılan tək bir atom bombası - Little Boy (Kiçik Uşaq) - şəhəri demək olar ki, tamamilə məhv edib, on minlərlə insanı dərhal öldürüb və bəşəriyyəti nüvə əsrinə daxil edib. Bu faciə təkcə dərhal baş verən dağıntı ilə bitməyib, illərlə davam edən iztirabları, mübahisələri və dərsləri də özü ilə gətirib.

Qayanrinfo xəbər verir ki, II Dünya müharibəsinin Avropa cəbhəsi 1945-ci ilin mayında Almaniyanın təslimi ilə başa çatır, lakin Sakit okean cəbhəsində Yaponiya müqavimətini davam etdirir. 



İmperator Hirohito rəhbərliyində təslim olmağı rədd edən Yaponiya, müttəfiqləri daha qanlı və uzunmüddətli bir müharibə ehtimalı ilə üz-üzə qoyur. ABŞ prezidenti Harri S. Trumen "Manhetten layihəsi" barədə məlumat aldıqdan sonra atom bombasının istifadəsini təsdiqləyib. Məqsəd, planlaşdırılan quru işğalında minlərlə Amerika əsgərinin ölümünü önləmək idi.



5 avqustda Marian adalarındakı Tinian adasında yerləşən ABŞ hərbi bazasında seçilmiş 12 nəfərlik xüsusi heyətə tapşırıq verilir. Polkovnik Pol Tibbits pilot, kapitan Robert Lyuis ikinci pilot seçilir. 6 avqust saat 08:15-də B-29 tipli "Enola Gay" bombardman təyyarəsindən atılan 4 700 kiloqramlıq uran əsaslı bomba yer səthindən 9 500 metr yüksəklikdə partlayır. Partlayış gücü 12-15 min ton TNT-yə bərabər olur. Yaranan 275 metrlik od kürəsi göyə nəhəng "göbələk buludu"nu qaldırıb, şəhərin 80 mindən çox sakini dərhal həlak olub. Bəzi insanların bədənləri buxarlanaraq səthlərdə "nüvə kölgələri" kimi qalıb.



Patlamanın ardından şəhərin 62 min binası dağılıb, bürünc və qranit heykəllər belə formalarını itirib. 9 avqustda Naqasakiyə atılan ikinci bomba daha 70 min insanın həyatına son qoyub. 14 avqust 1945-ci ildə Yaponiyanın təslim olması ilə II Dünya müharibəsi rəsmi olaraq başa çatıb.



Bu hadisənin 80-ci ildönümündə belə atom bombasının istifadəsinin zəruriliyi müzakirə olunur. Bəziləri Yaponiyanın onsuz da təslimə yaxın olduğunu bildirir, digərləri isə bombanın müharibəni tez bitirdiyini və daha çox itkinin qarşısını aldığını iddia edir. Şübhəsiz ki, Xirosimada yaşananlar insanlığın texnoloji gücü məsuliyyətlə istifadə etməsi gərəkdiyini ən acı şəkildə xatırladır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->