"İnterpol" İŞİD terror təşkiltı ilə bağlı xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə beynəlxalq polis təşkilatının baş katibi Yürgen Stok Parisdə jurnalistlərə açıqlama verib.
Baş katib bildirib ki, bir çox ölkə yaxın illərdə İŞİD-lə bağlı olan böyük bir cinayət dalğası ilə üz-üzə qala bilər. Yürgen Stokun sözlərinə görə, İŞİD üzvü olduğu üçün həbs olunan bir çox cinayətkar kiçik aksiyalarda iştirak etdiyi üçün qısa müddətli cəzalar alıb və tezliklə azadlığa çıxacaqlar: "Onların əksəriyyəti 2, 3 və ya 4 il cəza alıb. Çünki konkret bir terror aktında iştirakları sübut olunmayıb. Dünyanın bir çox yerində bu ilk nəsil terror təstəkçiləri, qısa müddətli terrorçular bir neçə il sonra azadlığa çıxacaq".
Baş katib bildirib ki, Suriya və İraqda İŞİD-in məğlubiyyətə uğramasından sonra sərbəst qalacaq terrorçuların bir hissəsi Şimal-şərqi Asiya və Afrikaya gedəcək, bir qismi Avropada qalıb terror aktları törətməyə çalışacaqlar.
Yürgen Stok həmçinin bildirib ki, Suriya və İraqda döyüşmüş 44 mindən artıq əcnəbi döyüşçü "İnterpol"un nəzarəti altındadır.