Şinzo Abeni öldürən şəxs kimdir və Yaponiyanın keçmiş baş nazirini öldürməkdə onun motivi nə olub?
Qaynarinfo bu barədə "Euronews" agentliyinə istinadən xəbər verir.
Nara şəhər polisi mətbuat konfransında bildirib ki, 41 yaşlı Tetsuya Yamaqami Abeni güllələdiyini etiraf edib. İşsiz olan Yamaqami müstəntiqlərə Abe ilə əlaqəli olduğunu düşündüyü müəyyən bir qrupa nifrət etdiyini bildirib. Polis bu qrupun adını açıqlamayıb.
Qatil hansı silahla atəş açıb?
Polis şübhəlinin atışma zamanı əldəqayırma silahdan istifadə etdiyini və qətl yerindən çəkilmiş görüntülərdə qara lentə bükülmüş iki metal lülə ilə yerə düşmüş silahın göründüyünü bildirib. Daha sonra səlahiyyətlilər şübhəlinin mənzilindən tapança tipli bənzər bir neçə silah götürüblər.
Yaponiyanın rəsmi xəbər kanalı polisə istinadən xəbər verir ki, Yamaqami yapışqan lentə bükülmüş dəmir borularla müxtəlif növ silahlar hazırlayıb.
Xatırladaq ki, Şinzo Abe iyulun 8-i cümə günü saat 11:30-da Nara şəhərində güllələnib. Güllələndikdən təxminən beş saat sonra 67 yaşlı Abe Naradakı xəstəxanada ölüb.
M.Arif