
"Ölkədə az qala 2 nəfərdən birinin kredit borcu var".
Qaynar.info xəbər verir ki, bu sözləri REAL hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
Natiq Cəfərli bildirib ki, rəsmi məlumata əsasən Azərbaycanda kredit alanların sayı 2,2 milyona yaxınlaşır:"Əvvəla onu deyim ki, kredit almaq, kreditlə yaşamaq, heç də pis deyil, tam tərsi, iqtisadiyyat üçün, anarxiq bağların zəifləməsi üçün, “ailə dəyərləri” adı altında bizə sırınan, əslində isə kökündə iqtisadi çətinliklər və dövlətə inamsızlıq duran bir düzənin pozulması üçün yaxşı bir haldır. Amma, bizdə anormal iqtisadi sistem olduğundan, banklar inhisarçı mövqedə olmağından, rəqabətli mühitin qoxusunun belə ölkədə hiss olunmadığından, kredit faizləri həddən artıq yüksəkdir, ona görə də, kreditlər vasitəsi ilə insanlarımızı soyurlar, həm də, siyasi-ictimai proseslərdən uzaqlaşdırırlar. Ölkədə artıq 1 milyard manatdan çox toksik, yəni, geri qayıtması müşkül olan kredit portfeli var.
Kredit “iynəsinə” oturan əhalinin sayı isə dəhşətvericidir: Rəsmi məlumatlara görə ölkədə 9,5 milyon əhali yaşayır, amma, hamımız bilirik ki, ən azı 1,5 milyon nəfər ölkədən kənarda pul qazanır, dolanışıq dalınca ölkədən gedib – deməli, qalir 8 milyon. Azərbaycanda, təqribən, 1,5 milyon nəfər yetginlik yaşına çatmayan insan, 1,3 milyon da təqaüdçülər var, uşaqlara və təqaüdçülərə kredit verilmir, daha doğrusu, təqaüdçülərin kredit götürməsi müşküldür, onlar risk qrupuna daxildirlər. Uşaqları və təqaüdçüləri də çıxsaq, qalır – 5,2 milyon nəfər. Belə çıxır ki, ölkədə az qala 2 nəfərdən birinin kredit borcu var, daha maraqlısı odur ki, Sosial Müdafiə Fondundan qeydiyyatdan keçən və sosial yığım kartı olan insanların sayı, təqribən, 1,8 milyon nəfərdir. Qanuna görə, 3 gündən artıq haradasa işləsən, sənə sosial yığım kartı açılmalıdır, yəni, kredit götürənlərin bir çoxunun heç rəsmi iş yeri də yoxdur".
İqtisadçı ekspertin fikrincə, bu problemdən çıxış yolu ölkəyə xarici bankların buraxılmasıdır:"Əgər iri həcmli kapitala malik xarici banklar ölkə bazarına girsə, ciddi rəqabətli mühit yaranacaq, kredit faizləri, azı 2 dəfə aşağı düşəcək. Örnək üçün onu deyim ki, ABŞ-da avtomobil kreditləri 2% civarındadır, AB ölkələrində də 5%-i keçmir. Bizdəki faiz dərəcələrindən dəfələrlə azdır, nəticəni özünüz çıxarın. Xarici bankları ölkəyə bank sisteminin tamamına sahib olan məmur-oliqarxlar buraxmırlar. Onların ailə bankları rəqabətli mühitdə işləmək qabiliyyətində deyillər".
Elkin Xəlilov
Qaynar.info