Cümə axşamı Tehran məhkəməsi ABŞ-dan 1980-ci ildə amerikalı girovlarının "Qartal pəncəsi" adlı uğursuz xilasemə əməliyyatının qurbanlarının xeyrinə 420 milyon dolların tutulması barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın "Mizan Online” məhkəmə xəbər agentliyi məlumat
yayıb.
İran hakimiyyəti iddia edir ki, 43 il əvvəl keçirilən əməliyyat zamanı ABŞ hərbçiləri "yaxınlıqdan keçən avtobus sərnişinlərinə və avtomobil sürücülərinə hücum ediblər”. Təfərrüatlar dəqiqləşdirilməsə də, işdə 13 zərərçəkmişin olduğu bildirilir.
"ABŞ-ın "Qartal pəncəsi” əməliyyatı zamanı həlak olanların ailələrinin şikayəti əsasında məhkəmə ABŞ hökumətindən 420 milyon dollar tutulması qərarı verib”, – "Mizan Online” bildirib.
Xatırladaq ki, 1979-cu ildə İranda dövlət çevrilişi həyata keçirildikdən az sonra iranlı tələbələr Tehrandakı ABŞ səfirliyinə basqın edərək 50-dən çox amerikalını girov götürərək devrilmiş şahın ekstradisiyasını tələb etdilər, həmin zaman o, ABŞ-da müalicə olunurdu.
1980-ci ilin aprelində Vaşinqton çox məxfi "Qartal pəncəsi” əməliyyatı çərçivəsində girovları azad etməyə cəhd edib. Lakin qum fırtınaları və texniki problemlər səbəbindən əməliyyat uğursuzluğa düçar olub. Bundan əlavə, ABŞ qüvvələri geri çəkilərkən iki hərbi təyyarə toqquşub və nəticədə səkkiz hərbçi həlak olub.
Amerikalı girovlar 1981-ci ilin yanvar ayında azad edilib.
Avqust ayında Tehran məhkəməsi həmçinin ABŞ-dan 1980-ci ildə İrana qarşı "çevriliş planlaşdırdığına” görə 330 milyon dollar təzminat alınması barədə qərar qəbul edib, baxmayaraq ki, Vaşinqton bu hadisələrdə iştirakını heç vaxt rəsmən təsdiqləməyib.
Nizami Bağırov