Dünya 15:49 25.05.2022

İran ABŞ-a qarşı ən güclü silahından imtina edəcəkmi? - Ekspert

ABŞ-İran münasibətlərində gərginlik yenidən arta bilər. Əgər bir neçə ay əvvəl tərəflər danışıqlara və qarşılıqlı güzəştlərə hazır olduqlarını bəyan edirdilərsə, ABŞ Prezidenti Co Baydenin bu günlərdə verdiyi qərar tərəflər arasında dialoqun gündəmdən çıxması ehtimallarını artırır. 
 
Belə ki, Bayden İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısında saxlanılması barədə qərar verib. SEPAH 2019-cu ildə Co Baydenin sələfi Donald Trampın qərarı ilə terror təşkilatları siyahısına salınıb. O zaman bu qərar qalmaqala səbəb olmuşdu. Bu ilin martında isə məlumat yayılmışdı ki, ABŞ SEPAH-ı terror təşkilatları siyahısından çıxara bilər. Bu, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıdışı ilə bağlı Tehranı razılığa gətirmək üçün atılan addım kimi dəyərləndirilirdi (baxmayaraq ki, bu yöndə danışıqlar dayandırılmışdı). 

İranın nüvə danışıqlarında konsensusa gəlməməsinin başlıca səbəblərindən biri də SEPAH-ın terror təşkilatları siyahısına salınması idi. Ekspertlər hesab edirdi ki, Vaşinqton bu məsələdə güzəştə getməklə Tehranı yola gətirə bilər. Lakin SEPAH-ın terror təşkilatları siyahısından çıxaralıcağı barədə yayılan məlumatlardan sonra da Tehranın mövqeyindən çəkilməyəcəyi aydın oldu. 

Aprelin ayının əvvəllərində İranın Prezidenti İbrahim Rəisi bəyan etdi ki, Tehran dinc nüvə proqramına olan hüquqlarını həyata keçirməkdən geri addım atmayacaq. Görünür, bu səbəbdən Vaşinqton da mövqeyində dəyişklik etməyə məcbur olub.

Araşdırmaçı jurnalist Kənan Rövşənoğlunun fikrincə, SEPAH-la bağlı problem həllini tapmayana qədər İranla nüvə danışıqlarında hansısa nailiyyət əldə etmək çətin olacaq: "SEPAH-a sadəcə hərbi birlik kimi yanaşmaq doğru deyil. Bu təşkilat böyük bir sistemdir. Dövlət içində hərbi gücü olan sistemdir. Misirdə, Pakistanda, Ərdoğana qədər Türkiyədə ordu hansı gücə malik idisə, SEPAH da İranda həmin qüvvəyə malikdir. SEPAH-ın hərbi gücü ilə yanaşı, iqtisadi sektorda əhəmiyyətli payı və siyasi təsir imkanları var”. 

Kənan Rövşənoğlunun hesab edir ki, ABŞ İranın tələbi ilə SEPAH-ı terror təşkilatları siyahısından çıxarmaq istəsə də, İsrail buna qarşıdır: "Çünki SEPAH həm də Yaxın Şərqdə münaqişələrə dəstək verir, silah göndərir, təlim keçir və s. Ona görə də məsələ belə dalana dirənib. İran isə SEPAH-ı terror siyahısından çıxarılmayacağı təqdirdə nüvə sazişini imzalamaq istəmir".

Seyid