Xəbər lenti

İran İsrailə böyük raket hücumuna hazırlaşır - KİV
Dünya07:42 11.04.2024

İran İsrailə böyük raket hücumuna hazırlaşır - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın günlərdə İran və ya müttəfiqlərinin İsrailə böyük raket hücumu qaçılmazdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ və İsrail kəşfiyyatı ilə tanış olan mənbələrə istinadən yazıb.
Kəşfiyyat məlumatlarına görə, ABŞ və müttəfiqləri İranın İsraildəki hərbi və hökumət obyektlərini vurmaq üçün yüksək dəqiqlikli raketlərdən istifadə edə biləcəyinə inanırlar. Bu halda mülki obyektlər hücum hədəfinə çevrilməyəcək.
Mənbələrin sözlərinə görə, potensial hücum yaxın günlərdə baş verə bilər. "İndi daha çox bunun nə vaxt olacağı sualı aktualdır", deyə bir mənbə bildirib.
Bundan əvvəl "The Sun" qəzeti Qərb xidmətlərinin nümayəndəsinə istinadən yazıb ki, İsrail İranın istənilən hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verəcək.
Bu arada ABŞ İsrailə İran və onun dəstəklədiyi qüvvələrdən gələcək təhdidlərə qarşı mübarizədə dəstək vəd edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin İsrailin müdafiə naziri Yoav Qalantla telefon söhbətində bildirib. 
Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Blinken bir daha ABŞ-ın İsrailin təhlükəsizliyini, o cümlədən Tehran və onun müvəkkilləri tərəfindən törədilən hər hansı təhdidlərə qarşı mübarizəni dəstəkləyəcəyini təsdiqləyib.
ABŞ dövlət katibi və İsrailin müdafiə naziri Qəzza zolağında saxlanılan girovların azad edilməsi səylərini də müzakirə ediblər.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla isə İrandan mümkün hücum zamanı hərəkətləri əlaqələndirmək üçün İsrailə səfər etməyi planlaşdırır. Bu barədə iki İsrail rəsmisinə istinadən "Axios" portalı məlumat yayıb.
Onların sözlərinə görə, general Kurilla İsrailin müdafiə naziri Yoav Qalant və digər yüksək rütbəli ordu rəsmiləri ilə görüşməyi planlaşdırır. Mənbələr bildirir ki, İsrail müxtəlif növ raketlərdən istifadə etməklə İrandan mümkün birbaşa hücuma hazırlaşır.
"Axios" mənbələrinə görə, belə bir ssenarinin baş verəcəyi təqdirdə, İsrail İranın hücumuna cavab verəcək. ABŞ və İsrailin müxtəlif səviyyəli nümayəndələri İrandan mümkün cavaba hazırlaşmaq üçün əlaqə saxlayırlar. Pentaqonun sözçüsü bildirib ki, generalın səfəri əməliyyat təhlükəsizliyi baxımından müzakirə olunmur.
Qeyd edək ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib, nəticədə bina tamamilə dağılıb. Hücum zamanı SEPAH bölməsinin komandirləri - generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi məhv edilib. İran prezidenti İbrahim Rəisi zərbəyə tezliklə cavab verəcəyini vəd edib.
Aydın