İsrail hesab edir ki, İran nüvə silahı əldə etməsi üçün yetəri qədər zənginləşdirilmiş uran əldə etməyə yaxındır. Qərb mətbuatının yazdığına görə, İran onun üçün müəyyənləşdirilmiş "qırmızı xətt”i keçməkdədir. Qərb ekspertləri iddia edirlər ki, İranın uranı zənginləşdirməsi silah istehsalı üçün lazım olan 90% saflığa çatmayıb, ancaq az təmizlikdə zənginləşdirilmiş çox miqdarda uran da bomba düzəltmək üçün kifayət edir. İsrail belə hesab edir ki, İran 60% təmizlikdə kiyafət qədər zənginləşdirilmiş uran əldə etməyə yaxındır.
Qeyd edək ki, hazırda ABŞ-la İran arasında 2015-ci ilin nüvə sazişi danışıqlarına qayıtmaqla bağlı müzakirələr gedir. Düzdür, hələlik bu istiqamətdə cüzi də olsa hər hansı bir irəliləyiş yoxdur. Amma görünür, Təl-Əviv hökumətini 2015-ci ildə olduğu kimi, belə bir sazişin bağlanması qane etmədiyindən prosesi tormozlamaq üçün İranla bağlı dövriyyəyə yuxarıda qeyd edilən mövzunu atıb. Görünür, İsrailin yeni hökuməti də əvvəlki kimi, Qərblə ABŞ arasında belə bir razılığın əldə edilməsi və bu fonda İranın sanksiyalardan çıxması ilə barışmaq niyyətində deyil. Digər tərəfdən, Tel-Əviv ola bilsin ki, indiki situasiyada Qərbin əsas diqqətinin Ukraynaya yönəlməsindən Tehranın istifadə edərək nüvə silahı üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etməyə çalışacağını düşünərək, bu məsələ barədə indidən həyəcan təbili çalıb. Ehtimal etmək olar ki, Tehran rejimi həqiqətən də dünyanın diqqətinin Ukraynaya yönəlməsindən "faydalanaraq”, zənginləşdirilmiş uran əldə etmək və bu fonda nüvə məsələsi ətrafında danışıqlarda əlavə "kozır” qazanmaq fürsətinin yetişdiyi qənaətindədir. Yəni, İran nüvə danışıqlarına sərt mövqe ilə qayıda biləcəyini düşünür.
Bu səbəbdən də İsrail rəsmilərinin verdiyi məlumat həqiqəti əks etdirə də bilər. Lakin bütün hallarda, Tehranın bu istəyinin reallaşacağı inandırıcı görünmür. Ən azı ona görə ki, Qərb buna imkan verməyəcək.
Rüfət Sultan