Xəbər lenti

İran prezidentliyinə namizədlər sanksiyalar və nüvə sazişini müzakirə etdi
Dünya 17:10 03.07.2024

İran prezidentliyinə namizədlər sanksiyalar və nüvə sazişini müzakirə etdi

Çərşənbə axşamı İranın prezidentliyə namizədləri ABŞ və digər Qərb ölkələrinin Tehrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların təsirini müzakirə edib və dünya gücləri ilə nüvə sazişinin bərpası ilə bağlı təkliflərini təqdim ediblər.

Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.

Bu, dövlət televiziyasında prezidentliyə namizədlər islahatşı Məsud Pezeşkian ilə ənənəvi sərt xətt tərəfdarı Səid Cəlili arasında ikinci və sonuncu canlı debat olub. 
Pezeşkian bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurub. O, son dörd ildə 40% inflyasiyaya və yoxsulluq səviyyəsinin yüksəlməsinə diqqət çəkib. "Biz bir çox insanın küçələrdə diləndiyi bir cəmiyyətdə yaşayırıq" deyib və administrasiyasının sanksiyaları ləğv etmək və iqtisadiyyatı "yenidən qurmaq" üçün "dərhal" işə başlayacağını söyləyib. 

Pezeşkian, həmçinin planı ölkə parlamenti ilə müzakirə edərək, mümkün alternativləri tapmaqla dünya dövlətləri ilə nüvə sazişinin yenilənməsi məsələsinin həllini tapacağını bildirib. O, sanksiyaların İran iqtisadiyyatına təsirinə toxunaraq "Tarixdə heç bir hökumət qəfəsdə uğur qazana bilməyib”, deyib. 
2015-ci il nüvə sazişinin qəti əleyhdarı olan Cəlili debat zamanı bildirib ki, Birləşmiş Ştatlar "bizim yerinə yetirdiyimiz" öhdəliklərlə yanaşı, öz öhdəliklərinə də əməl etməlidir və o da öz növbəsində nüvə sazişi üzrə danışıqları davam etdirəcək. 

Xatırladaq ki, iyunun 28-də iranlılar növbədənkənar prezident seçkilərində səs veriblər. Namizədlərdən heç biri 50% səs toplaya bilməyib, ona görə də cümə günü keçirilməsi planlaşdırılan ikinci tur elan edilib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->