İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami sanksiyaların ləğvini təmin etmək üçün Qərb ölkələrinin kəskim reaksiyasına səbəb olan yüksək səviyyədə uran zənginləşdirdiklərini və ölkəsinin nüvə proqramının hərbi məqsəd daşımadığını bildirib.
Qaynarinfo xəbər verir ki, İranın "İttilaat” qəzetinə danışan İslami ölkəsinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı davam etdirdiyini bildirib.
2020-ci ildə Məclisdə qəbul edilən qanuna uyğun olaraq uranı yüksək səviyyədə zənginləşdirməyə başladıqlarını bildirən İslami "Sanksiyaların ləğv edilməsini təmin etmək üçün yüksək saflıqda uranın zənginləşdirilməsi həyata keçirilib. Məclisin məqsədi sanksiyaların aradan qaldırılması üçün strateji addım atmaq idi", deyib.
"60 faiz saflıqda uranın zənginləşdirilməsi Strateji Fəaliyyət Qanunu ilə bizə tapşırılan vəzifəyə əsaslanır və biz bunu həyata keçirməyə borcluyuq. İddia edirlər ki, İranın nüvə proqramı hərbi məqsədlər üçündür, amma bizim əsas məqsədimiz Strateji Fəaliyyət Qanununu həyata keçirməkdir. Bu qanunun məqsədi qarşı tərəfləri İrana qarşı təzyiqçi iqtisadi sanksiyaları azaltmağa inandırmaq və ya məcbur etməkdir”, deyə İslami bildirib.
2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri, ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa ilə Almaniya (5+1) arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (KOEP) adlı nüvə sazişi Tehrana uranın 3,67 faiz zənginləşdirilməsini davam etdirməyə icazə verir.
Digər tərəfdən, ABŞ-ın 2018-ci ildə razılaşmadan birtərəfli qaydada çıxmasından bir il sonra sazişdəki öhdəliklərini dayandıran İran, nüvə alimi Mühsin Fəxrizadəyə qarşı sui-qəsddən sonra - 2020-ci ilin dekabrında Məclis tərəfindən qəbul edilən Strateji Fəaliyyət Qanunu çərçivəsində ilk olaraq Natanzda (2021-ci ilin apreli) uranı 60 faiz zənginləşdirdiyini açıqlayıb.
Tehranın uranı 20 faiz və 60 faiz saflığa qədər zənginləşdirməsi Qərb ölkələrində narahatlıq doğurur, çünki uranın 20 faiz və daha çox zənginləşdirilməsi nüvə bombası istehsalına imkan verəcək 90 faiz təmiz parçalanan uranın əldə edilməsi istiqamətində mühüm addım hesab olunur.
Aydın