Xəbər lenti

İran Qətərə müharibə elan etməyə hazırlaşır? (ŞƏRH)
Dünya 14:02 16.12.2024

İran Qətərə müharibə elan etməyə hazırlaşır? (ŞƏRH)

"İranın Qətəri vurmaq ehtimalı nəzəri baxımından mümkündür. Amma Tehranın bu niyyəti bumeranq olaraq özünün məhvinə gətirib çıxara bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın nüvə danışıqlarında iştirak edən keçmiş nümayəndələrindən birinin Qətəri yer üzündən silmək istiqamətində səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

"Ümumiyyətlə, son hadisələr onu deməyə əsas verir ki, beynəlxalq müstəvidə cərəyan edən proseslər Trampın vəzifəyə başlayacağı günə qədər bir qədər intensiv şəkil ala bilər. Çünki dünyada bəzi qüvvələr çalışır ki, Tramp hakimiyyətə gələnə qədər geosiyasi məkanda öz problemlərini müəyyən qədər həll etsin", deyə Azər Hüseynov bildirib.
 


Ekspert qeyd edib ki, Suriyadan sonra İrandakı siyasi sistemin dəyişdirilməsi də müəyyən qüvvələrin maraq dairəsindədir: 

"Amma siyasi sistemin dəyişdirlməsi bu ölkədə hansısa bir milli və dini azlığın hərəkətə keçirilməsi, yaxud da liberal demokratik hüquqarın tələb edilməsilə mümkün ola bilər. İran İsraili vurdu. Təbii bunun müqabilində cavabını da aldı. Lakin Suriyada rejimin devrilməsi və burada etnik və siyasi məsələlərin hələ də öz həllini tapmaması onu deməyə əsas verir ki, ola bilsin ki, bəzi güclər indi İrandakı rejimin də ortadan getməsinə çalışır. Ona görə də İranın özünü qoruma instinqti nöqteyi nəzərindən Tehranın istənilən yeri vurması istisna deyil".

Həmsöhbətimiz düşünür ki, Qətərin vurulması baş verərsə, bu, ciddi beynəlxalq problemə yol aça bilər:

"Qətər ərəb dünyasının maliyyə mərkəzidir. İngiltərə və Türkiyə ilə yaxşı əlaqəsi var. Onun vurulması böyük beynəlxalq problemə gətirib çıxara bilər".

Qeyd edək ki, nüvə  danışıqları üzrə İran nümayəndə qrupunun keçmiş üzvü Mohammad Marandi İranın nüvə obyektlərinə hücumlar olacağı təqdirdə cavab tədbiri olaraq Qətərə zərbələr endirilməsini təklif edib: "ABŞ-ın Qətərdəki Əl-Udeyd aviabazası kiçikdir. İrana aqressiya olacağı təqdirdə, Qətərin qaz obyektləri və infrastrukturu tam məhv ediləcək. Nəticədə Qətərdən qaz ixracı tam dayanacaq və bu dövlətin özü mövcud olmayacaq. Bununla da hər şey bitəcək".

Doha ilə Tehran arasında sıx münasibətləri və onun İranla Qərb arasında vasitəçi rolunu nəzərə alsaq, Marandinin bu açıqlaması təəəccüb doğurur.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->