6İran və Ukraynanın qondarma Donetsk Respublikası arasında ticarət razılaşması ilə bağlı ziddiyyətli xəbərlər yayımlanır.
Qaynarinfo Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir ki, özünü qondarma DXR-in prezidenti elan edən Denis Puşilin bildirib ki, tərəflər arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək üçün saziş imzalanıb və bu sazişə əsasən, Tehran tikinti materialları, meyvə-tərəvəz də daxil olmaqla bağçılıq məhsulları tədarük etmək
niyyətindədir.
Donetsk də öz növbəsində İrana metal, çuqun, gübrə, polad məmulatları, kömür hasilatı avadanlıqları, eləcə də digər növ dağ-mədən avadanlıqları ixrac edəcək.
Denis Puşilin şənbə günü, iyunun 18-də özünün Teleqram kanalında bildirib ki, saziş "DXR” Ticarət və Sənaye Palatası ilə İran İslam Respublikasının Ticarət Palatası arasında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı imzalanıb.
Xatırladaq ki, İran İslam Respublikası Donetsk və Luqanskda Moskvanın dəstəklədiyi separatçıların müstəqillik elan etməsi və Rusiyanın beynəlxalq hüququ pozmasını hələ də pisləməyib.
Puşilinin hesabatında İranın müqavilədə təmsilçisi kimi "Farnoush" Trading Company qeyd olunur.
İslam Respublikasının heç bir rəsmi və ya yarı-rəsmi xəbər agentlikləri bu ticarət müqaviləsinin imzalanması haqda xəbəri indiyədək nə təsdiqləyib, nə təkzib edib. Bununla belə, ancaq "Mashreq News" təhlükəsizlik qüvvələrinə yaxın olan sayt bu barədə qısa məlumat verib.
M.Arif