Xəbər lenti

İran-Rusiya anlaşması: Moskva Tehrana nə vəd edib? (ŞƏRH)
Dünya07:36 20.10.2022

İran-Rusiya anlaşması: Moskva Tehrana nə vəd edib? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna müharibəsində son zamanlar Rusiya İrandan aldığı pilotsuz uçan aparatlardan (PUA) istifadə edir. Bunu Ukrayna tərəfi və Qərb dəfələrlə bəyan edib. Kiyev İran istehsalı olan 233 "Şahed” pilotsuz uçuş aparatını vurduğunu bildirir.
Belə vəziyyət çıxılmaz vəziyyətdə qalan Rusiyanın İrana, daha doğrusu onu PUA-larına möhtac qaldığına işarədir. Aydın məsələdir ki, İran Rusiyaya verdiyi PUA-ların əvəzində Moskvadan dünyanın hansısa bölgəsilə bağlı olaraq özü üçün hansısa bir güzəşt istəyib. Bu bölgələr isə Yaxın Şərq və ya Cənubi Qafqaz ola bilər. Hər iki istiqamətdə son günlər Tehranın müəyyən dərəcədə aktivləşdiyi hiss olunur. İran xüsusən də Azərbaycanla sərhəddə geniş hərbi təlimlər keçirir. 
Bard Kollecinin Hərbi Dron Araşdırma Mərkəzinin məlumatına görə, 2019-cu ilə kimi İranın 1-ci, 2-ci və 3-cü sinfə aid 179 dronu olub. Birinci sinfə taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən "Mohajer-6" ikinci sinfə aid dronlardır. İranın habelə "Şahed-129" və "Şahed-191" adlı PUA-ları var.
İran Rusiyaya verdiyi PUA-ların əvəzinə ondan dünyanın hansı bölgəsində və hansı məsələlərdə güzəştlər istəyib?
Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, Moskva aldığı PUA-lar müqabilində Suriyada müəyyən əraziləri iranyönümlü qüvvələrin nəzarəti altına verə bilər:
"İranla Rusiyanın çoxtərəfli əməkdaşlıq sahələri mövcuddur. Onların bu formada hərbi əməkdaşlığının əvvəllər də olduğunu istisna etmək olmaz. Yaxın Şərq bölgəsində İranla Rusiya bir-birilə razılaşdırılmış addımlar atır. Bu mənada PUA-larla bağlı məqamı sırf həmin əməkdaşlıq kontekstində dəyərləndirərdim. 
Hazırda Suriyada maraqlı proseslər gedir. Orada müxalif qruplaşmalarla bağlı son iki ildə aktivləşmə müşahidə olunur. Müəyyən şəhərlər üzərində nəzarətin müxalif qruplaşmaların bir-birilə razılaşdırılmış şəkildə ötürmələrinin şahidi olmaqdayıq. Bu fonda Rusiya İrandan aldığı dəstəyin müqabilində mümkündür ki, Suriyada iranyönümlü qüvvələrə hansısa əlavə imkanlar yaratsın. Rusiya Suriyada hansısa ərazini iranyönümlü qüvvələrə təhvil verməkdən tutmuş, həmin istiqamətdə loqistik dəstək verilməsinə qədər İrana güzəştə gedə bilər”. 
Rüfət Sultan