İran Rusiya ilə daha fəal hərbi əməkdaşlığa başlayıb. İran Ukraynada istifadə üçün yeni hücum pilotsuz uçuş aparatı hazırlayıb və ilk dəfə olaraq Moskvaya ballistik raketlər ötürməyə hazır görünür.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" kəşfiyyat orqanında olan mənbəyə istinadən
yazır.
Mənbə "Şahed-107” pilotsuz uçuş aparatının kəşfiyyat missiyaları yerinə yetirmək və Ukrayna ordusunun istifadə etdiyi ABŞ və Böyük Britaniyanın çoxsaylı buraxılış raket sistemləri kimi taktiki hədəflərə zərbə endirmək üçün nəzərdə tutulduğunu təsvir edib. Onun sözlərinə görə, xüsusi hazırlanmış PUA-nın "bir neçəsi” Rusiyaya 2 milyon dollardan çox qiymətə təklif oluna bilər.
Bundan əlavə, mənbə bildirib ki, "mövcud etibarlı məlumata görə, Rusiya yaxın gələcəkdə <...> haradansa dəqiq idarə olunan "yer-yer” raket sistemləri ala bilər”. Bunlara 300 km-dən çox mənzilli raketlər daxil olacaq.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Fabian Hints hesab edir ki, İran "Əbabil” qısa mənzilli taktiki raketləri, həmçinin 300-700 km uça bilən "Fateh” sinfinə aid raketlərini tədarük edə bilər.
"Bu halda onlar bütün Ukraynadakı hədəfləri dəqiq vura biləcəklər", - Hints Sky News-a bildirib.
Təxminən bir həftə əvvəl "The Wall Street Journal” amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İrandan yaxın mənzilli raketlər almağı planlaşdırır və bununla bağlı fəal danışıqlar aparılır.
Ukraynalı mənbə Sky News-a bildirib ki, Rusiya üçün yeni İran pilotsuz uçan aparatının hazırlanması ilə bağlı məlumat "doğru görünür”: "Biz qeyd olunan tipli pilotsuz uçuş aparatının mümkün tədarükündən çox narahatıq”. Onun sözlərinə görə, Rusiya ordusu daim təkmilləşən İran PUA-larına çox etibar edir: "Ukrayna müdafiə qüvvələrini daha bahalı hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə məcbur etmək üçün onları daha sürətli etməyə çalışırlar”.
Nizami Bağırov